8 C
Baku
Thursday, December 12, 2024

Prezident məmurlara xəbərdarlıq etdi

“İsrafçılığa yol verilməməlidir, çalışmalıyıq ki, vəsaitə qənaət edək”

Banker.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev bu gün iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı zamanı deyib.
“İlin sonuna qədər biz bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Gələn il hökumət daha fəal, çevik işləməlidir ki, gələn il də iqtisadiyyatımız artsın”.

Dövlət başçısı bildirib ki, hökumətin bir neçə gün əvvəl keçirilən iclasında gələn ilin büdcə layihəsi müzakirə edilib: “Artıq bununla bağlı mənə məruzə edildi. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir.

Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. İndi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək. Məhz ona görə bəzi hallarda o qədər də prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, daha da sürətli inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi.

Bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Lakin burada köklü şəkildə dönüş yaranıb. Sosial-infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaranıb. İnfrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti qeyd olunmalıdır. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.

Son xəbərlər
Digər xəbərlər