Vüsal Qasımlı: “Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamların əhəmiyyətinə dair mətbuat konfransı keçirib.


Onun sözlərinə görə imzalanan sərəncamlar:
- minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını;
- dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını;
- hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz artırılmasını;
- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını;
- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.
Vüsal Qasımlı həmçinin əlavə edib ki, bu ilin əvvəlindən etibarən Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaqdır. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcəkdir.









