Əfsuslar olsun ki, Azərbaycanda dollarizasiya prosesi gedir. Bunun heç bir iqtisadi əsası yoxdur. Bəzi ölkələrin devalvasiyaya uğrayan valyuta bazarına nəzər salsaq görərik ki, orada dollarizasiya getmir. Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranıb. Özü də bu ajiotaj yenə də başqa ölkələrdə baş verən proseslərlə bağlı idi. Məsəl üçün, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəli misal kimi gətirilə bilər. O vaxt Azərbaycanda manatla bağlı heç bir problem yox idi. Qonşu ölkələrdə milli valyutalar dəyərdən düşürdü. Əfsuslar olsun ki, bizdə bəzi qurumlar və insanlar bu vəziyyəti Azərbaycan reallıqlarına da keçirməyə cəhd etmişdilər. Ondan sonra – keçən ilin yay aylarında valyuta bazarında müsbət meyillər müşahidə olunmağa başlamışdır. Bu da təbii idi. Çünki görülən tədbirlər bunu diktə edirdi. Ancaq yenə də bəzi qonşu ölkələrdə milli valyutalar kəskin şəkildə aşağı düşdü və dərhal Azərbaycanda ajiotaj yarandı. Ona görə indiki vəziyyətin yaranmasında Azərbaycan daxilində baş verən heç bir amil yoxdur. Bütün bu amillər kənarda formalaşıb. Neftin qiymətinin düşməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası əfsuslar olsun ki, Azərbaycanda da valyuta bazarında panika, ajiotaj yaradıb”.

İlham Əliyev bildirib ki, dollara qarşı bütün valyutaların ucuzlaşması prosesi gedir. Hətta avro da öz dəyərini saxlaya bilmədi, təxminən 30 faiz ucuzlaşdı. Ona görə manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil. Əlbəttə, burada islahatlar dərinləşəcək, əlavə addımlar atılacaq. Amma vətəndaşlar da bununla bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər. Bu halda əminəm ki, manata inam bərpa olunandan sonra biz bu vəziyyətdən ən az itkilərlə çıxa biləcəyik.