13 C
Baku
Sunday, November 24, 2024

Prezident modul tipli məktənlərin quraşdırılmasına pul ayırdı

Son illərdə ölkədə təhsilin inkişafı sahəsində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Respublikanın şəhər və rayonlarında 3200-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xeyli dərəcədə genişlənmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədilə qərara alıram:

1. Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2019-cu il.

Son xəbərlər
Digər xəbərlər