21 C
Baku
Saturday, November 2, 2024

Prezident: Özəl sektor ümidləri doğrultmadı

Azərbaycan 2019-cu ildə şəhər nəqliyyatının təkmilləşdirilməsi məqsədilə 300-500 avtobus almağı planlaşdırır. Banker.az bildirir ki, bunu prezident İlham Əliyev deyib.

“Biz şəhər nəqliyyatının təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində. Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir”, – İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

Həmçinin prezident son zamanla faciəvi nəticələrə səbəb olan yol qəzaları məsələsinə toxunub. “Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir”, – İ.Əliyev bildirib.

Prezident mühafizə orqanlarına belə hallara çox ciddi reaksiya veryi və belə hallara nəzarət etməyi tapşırıb. “Bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə, buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır.Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur”, – dövlət başçısı bəyan edib.

Onun sözlərinə görə, avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. “Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır”, – İ.Əliyev vurğulayıb.

“Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir”, – dövlət başçısı deyib.

Son xəbərlər
Digər xəbərlər