Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri Aktam Xaitovu qəbul edib.
Banker.az xəbər verir ki, Aktam Xaitov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi öz adından və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adından təbrik edib, Özbəkistanın dövlət başçısının xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.
Aktam Xaitov Prezident Şavkat Mirziyoyevin Azərbaycan ilə qarşılıqlı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib, onun da xoş arzularını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.
Bu il ərzində Özbəkistana üç dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevlə görüşlərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Özbəkistanın Liberal Demokratik Partiyası arasında əməkdaşlığın səmərəliliyinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.