“Peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaradır”.
Bunu Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşündə deyib.
Dövlət başçısı pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, bu sahədə Azərbaycanın beynəxalq əməkdaşlığa verdiyi tövhələri qeyd edib. Prezident ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirib. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğulayıb.
Dövlətimizin başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirib.
Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.