5 C
Baku
Sunday, February 25, 2024

Prezident Qazaxıstanın Baş nazirini qəbul edib – Yenilənib

12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.

Banker.az xəbər verir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirdi.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıdığını qeyd etdi. Azərbaycan Prezidenti bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev Alixan Smailovun səfərinin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Xoş sözlərə görə minnətdarlıq edən qonaq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş etdi.

Alixan Smailov qarşıdan gələn Qurban bayramı münasibətilə dövlətimizin başçısına və dost Azərbaycan xalqına təbriklərini çatdırdı.

Bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu vurğulayan qonaq Ulu Öndərin Qazaxıstana həmişə səmimi dostluq münasibətləri bəslədiyini dedi, bu il Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Heydər Əliyev küçəsinin açılışını ölkələrimizin və xalqlarımızın birliyinin təcəssümünü bir daha nümayiş etdirdiyini bildirdi.

Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan hörmətə görə təşəkkürünü ifadə etdi, bunun Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini dedi.

Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən və bütün sahələrdə əməkdaşlığımızın uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğuladı. Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu söyləyən qonaq ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini məmnunluqla bildirdi və potensialın daha da artırılması üçün imkanların olduğunu vurğuladı.

Görüşdə Qazaxıstan tərəfindən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşası yüksək qiymətləndirildi, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, ölkələrimiz arasında neft, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, gəmiqayırma, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Son dövrlərdə Xəzər dənizindən Orta Dəhliz vasitəsilə Azərbaycan və Qazaxıstan, həmçinin üçüncü tərəflərin bu marşrut istiqamətində yüklərinin həcminin çoxalması məmnunluqla qeyd edildi, bu istiqamətdə ölkələrimizin birgə səylərinin artırılmasının vacibliyi vurğulandı.

Söhbət zamanı dost ölkə Qazaxıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olundu.

***

11:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər
Digər xəbərlər