15 C
Baku
Sunday, November 24, 2024

Prezident qondarma “DQR”i tanımaq istəyən ölkələrə xəbərdarlıq edib

“Bir neçə gün əvvəl görüşdüyüm nümayəndə heyəti Avropa İttifaqı məkanından olan və müharibədən sonra ölkəmizə gələn ilk qonaqlar idi. Əminəm ki, bu dostluq jestinin praktiki təzahürü olacaq, çünki bu gün biz təkcə enerji sektoru deyil, həmçinin qeyri-enerji sektoru haqqında danışırıq. Azad edilmiş torpaqlarda böyük potensial kənd təsərrüfatı, turizm, bərpa olunan enerji mənbələri ilə bağlıdır. Artıq söylədiyim kimi, böyük infrastruktur layihələri də olacaq. İndi biz həmin ərazilərin bərpa və yenidənqurma planlarını hazırlayırıq. Əminəm ki, biz çox uğurla işləyəcəyik”.

Bunu Prezident İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

“Həmçinin bildirmək istərdim ki, İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirildi. Çünki təsəvvür edin, insanlar bütün dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar. Bir sözlə, bütün cəmiyyət həmin səfəri dəstəyin təzahürü kimi qəbul etdi. Həmçinin insanlar qeyd edir və mən onların rəyi ilə razıyam ki, qonşularınızdan bəziləri parlamentdə Dağlıq Qarabağın tanınması ilə bağlı müəmmalı qətnamələr qəbul edirlər. İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramını ifadə etmək, Azərbaycan xalqının əziyyətlərini bölüşdüyünü bildirmək üçün Ağdama getdilər, Gəncəyə səfər etdilər. Dağlıq Qarabağın tanınmasına gəldikdə isə, hamı bilir ki, hətta Ermənistan həmin qanunsuz strukturu tanımayıb. Buna görə, əgər hansısa ölkə Dağlıq Qarabağı tanımaq istəyirsə, onlar öz ölkəsinin daxilində müəyyən addımlar atsınlar. Onlar öz ölkəsində müəyyən ərazini ayıra bilər və Azərbaycanda yox, öz ölkəsində ikinci erməni dövlətini yarada bilər”, – dövlət başçısı bildirib.

Son xəbərlər
Digər xəbərlər