“Ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var”.
Banker.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində deyib.
“İlk növbədə bizim əraziyə qanunsuz olaraq xarici vətəndaşların qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışdıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu ərazilərə daxil ola bilməz. Bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, tam yüzdə-yüz bu həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Bunu da bildirməliyik. Bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur. Ancaq biz əlbəttə ki, istərdik ki, bizim suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə hörmət edilsin. Onsuz da Rusiyanın rəsmi nümayəndələri, yüksək vəzifəli nümayəndələri deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Belə olan halda yerlərdə orada xidmət edən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətlərini aparmalıdırlar”, – dövlət başçısı vurğulayıb.