Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 sentyabr 2022-ci il
Digər sərəncamla, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinə vəsait ayrılıb.
Həmin sərəncamda bildirilir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılsın.