Serbiyada elektrik stansiyasının tikintisi Azərbaycanın Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib.
“Prezident Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Hesab edirəm ki, bu, bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə – bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Çünki siz yalnız yaxşı münasibətlərinizin olduğu ölkəyə və tərəfdaşlarınıza etibar etdikdə investisiya yatırırsınız. Siz Aleksandar Vuçiçin müdrik rəhbərliyi ilə Serbiyada sabitliyin və inkişafın uzun müddət ərzində vacib amil olacağını bilirsiniz”, – Prezident İlham Əliyev vurğulayıb.






