Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda edilmiş dəyişiklikləri təsdiqləyib.
Banker.az xəbər verir ki, dəyişiklikləri əsasən, hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.
Bundan başqa, qanuna daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı əlavə edilib.
Daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aşağıdakıları nəzərdə tutur:
– informasiya sistemində avtomatlaşdırılmış qaydada əks olunan hüquqların dövlət qeydiyyatı barədə elektron sənədlərdən notarius tərəfindən istifadə edilməsi;
– hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin elektron nüsxələrinin notarius tərəfindən informasiya sistemləri vasitəsilə ötürülməsi;
– hüquqların dövlət qeydiyyatı üçün tələb olunan ödənişlərin notarius tərəfindən aidiyyəti üzrə köçürülməsi.