Bu gün Nizami Rayon İcra Hakimiyyətində “Diqlas” ticarət mərkəzində baş verən yanğında zərər çəkən sahibkarların problemlərinin həlli ilə bağlı müşavirə keçirilib. Dövlət başçısının tapşırığı ilə proses nəzarətə götürülüb və sahibkarlara dəyən zərərin ödəniləcəyi vəd edilib.
Son durumla bağlı Nizami rayon icra başçısının müavini Qərib Məmmədov sahibkarların narazılığına son qoyulduğunu bildirdi: “Bir qədər öncə müşavirə başa çatdı. Müşavirəyə Prezident Administrasiyasından şöbə müdirinin müavini Hüseyn Veysəlov, İqtisadiyyat Nazirliyindən, Sahibkarlar Konfederasiyasından, Vergilər Nazirliyindən, Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəlmişdilər. Sahibkarların iştirakı ilə iclas keçirildi. Hüseyn Veysəlov elan etdi ki, prezidentin tapşırığı ilə gəlib, tapşırıq verilib ki, sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödənilsin. Bunun üçün də komissiya təşkil olunacaq, tam araşdırılacaq, araşdırma nəticəsində kimə nə qədər ziyan dəydiyi təyin olunacaq və onun əsasında kompensasiyalar ödəniləcək. Bu açıqlamadan sonra narazı sahibkarlar hamısı verilən qərarı alqışlarla qarşıladı, minnətdarlıqlarını, razılıqlarını bildirdilər. Artıq narazılıq üçün heç bir əsas qalmayıb. Onlar tələbi kompensasiya almaq idi. Dövlət rəhbəri tərəfindən tapşırılıb ki, camaata dəyən ziyan dövlət tərəfindən ödənilsin və onların bundan sonra da öz fəaliyyətlərini davam etdirmək imkanı olsun”.
Yanmış binanın aqibətinə gəlincə, Qərib Məmmədov bildirdi ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi hazırda komissiya yaradıb, iş aparılır və onların rəyi əsasında qərar veriləcək: Bu özəl bir müəssisədir, FHN-in rəyinə uyğun olaraq ya təmir olunacaq, ya da sökülüb yerində yeni bina tikiləcək. Bunu komissiyanın apardığı araşdırma nəticəsində biləcəyik”.
Ticarət müəssisəsinin rəhbərlərinin məsuliyyət məsələsinə münasibət bildirən Q.Məmmədov qeyd etdi ki, bu qərar Komissiyanın və Fövqəladə hallar Nazirliyinin verdiyi rəy əsasında formalaşacaq.
Rayon ərazisində müvafiq təhlükəsizlik tədbirlərinə, standartlara əməl etməyən digər ticarət müəssisələri ilə bağlı hansı iş aparılacaq sualına cavab verən icra başçısının müavini bu tədbirlərin gündəlik olaraq davam etdiyini vurğuladı: “Bu gündəlik işlər hər zaman aparılır. Hər zaman nəzarət olunmalıdır. Problem odur ki, bizdə bu sahəyə nəzarət edən adamların sayı, bu ticarət mərkəzində və ətrafında xırda ticarətlə məşğul olanların sayından çox azdır. Burada insanlar özü də diqqətli olmalıdırlar. Bir az hava soyuq olan kimi, satıcının biri tez alışan malların düzüldüyü piştaxtanın altına özü üçün qızdırıcı pilətə qoyur. Digər özü üçün elektrik xətti çəkir, elektrik avadanlığı qoyur. Bu xaos nəticəsində problemlər yaranır, xətlərin öz gücündən artıq yüklənməsinə səbəb olur. İnsanların özü də diqqətli olmalı, təhlükəsizliyi qorumalıdır. Dövlət qurumları tərəfindən hər zaman müvafiq tapşırıq verilir, nəzarət işləri aparılır. Heç bir qurum istəməz ki, onun nəzarətində olan ərazidə belə bədbəxt hadisələr baş versin. İnsanların səhlənkarlığı olur, bunu hamımız bilirik. Belə hadisələr insanların təhlükəsizlik məsələlərində laqeyd yanaşmasının nəticəsidir. Belə insanların maarifləndirilməsinə də ehtiyac var. Mətbuat bu işdə aktiv olmalıdır, kommersiya reklamlarının arasına maarifləndirici reklamlar da versələr yaxşı olar ki, insanlar təhlükəsizlik məsələsində diqqətli olsunlar. Mətbuat ancaq nəticə ilə işləyir, ancaq profilaktika da önəmlidir”.