Paytaxtımızda “Courtyard by Marriott Baku” otelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, “Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir otel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.
Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi tərəfindən inşa edilib. Son illər Azərbaycanda dünya brendlərinə məxsus bu cür otellərin istifadəyə verilməsi ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, bölgənin iqtisadi mərkəzi sayılan Azərbaycanın turizm sahəsində də qabaqcıl sıralarda qərarlaşdığını göstərir.
Qeyd edək ki, dünyada maliyyə və iqtisadi çətinliklərin olduğu, pandemiyanın ciddi fəsadlar yaratdığı bir dövrdə Prezident İlham Əliyevin gələcəyə baxış konsepsiyası sayəsində ölkəmizdə heç bir sosial-iqtisadi layihə təxirə salınmadı. Turizm infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, o cümlədən müasir mehmanxanaların istifadəyə verilməsi Azərbaycanda postpandemiya mərhələsinə daha uğurlu keçidi təmin etməkdə böyük rol oynayır.