32 C
Baku
Tuesday, June 18, 2024

Prezident Vergi Məcəlləsindəki istiqraz və dividendlərlə bağlı dəyişikliyi təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanunu təsdiqləyib.

Qanunda deyilir:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 102.1.22-2-ci maddə əlavə edilsin:

“102.1.22-2. 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.”;

1.2. 123.1-ci maddədə “kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla,” sözləri “fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə” sözləri ilə, “maddəsində” sözü “və 102.1.22-2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

1.3. 123.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“123.3. İstiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə hesablanır.”.

Maddə 2. Bu Qanunun 1.2-ci və 1.3-cü maddələri 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

Son xəbərlər
 ⁠
Digər xəbərlər