Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 4 fevral tarixində Vüqar Süleymanovun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin” deyə, sərəncamda deyilir.
V.Süleymanov bu təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı.
Qeyd edək ki, V.Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
1994-2002-ci illərdə özəl təşkilatlarda çalışıb.
2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis; 2005-2018-ci illərdə özəl təşkilatlarda çalışıb.
2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifəsində işləyib.
21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyirdi.
Ailəlidir, 3 övladı var.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi — (keçmiş adı: Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik vəya qısaca ANAMA)-1998-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 854 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixində imzaladığı sərəncamla ANAMA ləğv edilərək onun bazasında hüquqi varisi olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılmışdır.