Prezident yanğın hadisəsini nəzarətə götürdü – RƏSMİ

0

Cinayət işi açıldı.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumat yayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda deyilir:

“2015-ci il may ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər.

Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunub, 37 nəfər xilas edilib. Təxminən saat 14 radələrində yanğın lokallaşdırılıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Bununla belə, ilkin ehtimallara görə binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 15 nəfər ölüb, 26 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, respublikanın Baş prokuroru və daxili işlər naziri hadisə yerinə çıxıblar.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.

Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.