Azərbaycan Prezidenti hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir,
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) yaradılsın.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. altsistemin formalaşdırılmasını 2021-ci il yanvarın 1-dək təmin etsin;
2.2. tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışını təmin etsin;
2.3. altsistemə daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etsin.
4. Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları:
4.1. altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər;
4.2. hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2019, № 4, maddə 634) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 2.1.5-1-ci, 2.3.5-1-ci yarımbəndlər və 2.7-ci bənd əlavə edilsin:
“2.1.5-1. Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi;”;
“2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi;”;
“2.7. tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2020-ci il.