1 C
Baku
Wednesday, January 21, 2026

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.

Banker.az  həmin görüşdən hazırlanan materialı təqdim edir.

Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğuladılar.

Qeyd olundu ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirildi.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.

Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel: Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki: Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm.

697070c4a8d37697070c4a8d381768976580697070c4a8d35697070c4a8d36 697070c4e5335697070c4e53361768976580697070c4e5332697070c4e5334 697070c4cc9e5697070c4cc9e61768976580697070c4cc9e3697070c4cc9e4 697070c4def50697070c4def511768976580697070c4def4e697070c4def4f

Son xəbərlər
Digər xəbərlər