26 C
Baku
Saturday, July 27, 2024

Prezident Ziyad Səmədzadəni ordenlə təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ziyad Səmədzadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. (Təltif edilənlərin tam siyahısı)

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin” – deyə sərəncamda deyilir.

Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir.

1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. O, keçmiş SSRİ məkanında ictimai elmlər sahəsində bu yüksək elmi ada layiq görülən ilk alimlərdən idi. 1977-ci ildə ona professor adı verilir.

1976-1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978-82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.

1980-ci ildə Z.Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.

1983-1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur.

Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Z.Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində həmçinin respublika regionlarının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi mühüm yer tutur.

O, dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdi.

Z.Səmədzadənin elmi fəaliyyətində Azərbaycan paytaxtının iqtisadi və sosial inkişafı ilə bağlı araşdırmaları dv mühüm yer tutur. Bu araşdırmalar əsasında Bakının iqtisadi, sosial inkişafına dair 45 çap vərəqi həcmində monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim edilmişdi.

Ziyad Səmədzadənin bilavasitə rəhbərliyi və iştirakı ilə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanunlar hazırlanmışdır.

Z.Səmədzadənin 1986-1991-ci illərdə elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Onu bu mürəkkəb, taleyüklü problemin elmi tədqiqi sahəsində pioner saymaq mübaliğə olmaz.

Ziyad Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilmişdir. Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müsbət rol oynamışdır.

Akademikin apardığı dərin iqtisadi araşdırmalar əsasında keçmiş İttifaqda və bütün dünyada siyasi xadimlər və geniş ictimaiyyət DQMV-dəki həqiqi sosial-iqtisadi vəziyyət haqda düzgün təsəvvür əldə etdi. Onun həmin dövrdə hazırladığı orijinal araşdırmaların əksəriyyəti geniş əks-səda doğurmuş, Azərbaycan və rus dillərində nəşr edilmiş “Dağlıq Qarabağ: naməlum həqiqətlər” adlı kitablarına daxil edilmişdir.

Z.Səmədzadə TASİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRASEKA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış etmiş və Brüssel bəyannaməsini imzalamışdır.

İqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna xidmətləri olan Ziyad Səmədzadə nüfuzlu beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görür.

Akademikin baş elmi redaktəsi ilə ümumi həcmi 2500 səhifəyə bərabər olan “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilmişdir.

Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. 1999-cu ildə akademik “İqtisadiyyat” adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdır.

Respublikanın elmi ictimaiyyəti onu böyük alim və praktik-iqtisadçı, bacarıqlı təşkilatçı, müasir mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və təbliğatçısı kimi tanıyır.

Ziyad Səmədzadənin elmi fəaliyyətində Azərbaycan və dünya iqtisadiyyatı problemlərinin tədqiqi böyük yer tutur. Dünya ölkələrinin təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” kitabını nəşr etdirmişdir.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, “Böyük yolun mərhələləri” – “Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndirmişlər. Yaxın vaxtlarda kitabın ikinci cildi işıq üzü görəcəkdir.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir

Son xəbərlər
Digər xəbərlər