1 C
Baku
Saturday, December 14, 2024

Prezidentdən Beynəlxalq Bankla bağlı FƏRMAN

Beynəlxalq Bankın dövlətə məxsus səhmləri özəlləşdirilməyə çıxarılır

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.

Banker.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasında sahibkarların və əhalinin maliyyə-bank xidmətlərinə çıxışının təmin olunması və ölkənin bank sisteminin inkişafı daim diqqət mərkəzində olan məsələlərdəndir. Bazar iqtisadiyyatına keçid illərində bu sahədə islahatların dərinləşdirilməsi, kredit təşkilatlarının maliyyə vasitəçiliyi potensialının artırılması və rəqabətin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də inkişafı, kapitallaşdırılması və maliyyə dayanıqlığının artırılması ilə bağlı çox iş görülüb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC maliyyə göstəricilərinə görə ölkənin ən iri və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, sahibkarlara kredit verilməsində mühüm rol oynayır. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə sabitliyinin qorunması, öhdəlik və hesablaşmalarının fasiləsiz icra edilməsi, xüsusilə 2008-2009-cu illərin qlobal maliyyə böhranının bankın maliyyə mövqeyinə mənfi təsirinin qarşısının alınması məqsədi ilə müvafiq dövlət orqanları tərəfindən banka davamlı dəstək göstərilmiş, onun kapitalı və likvidliyi tələb olunan səviyyədə saxlanılıb, bank yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş olub.

Lakin son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi və Mərkəzi Bank on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etməli, həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.

Bu fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir;

“Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır.

“Aqrarkredit” QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir:

“Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək;

ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək;

tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək;

aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək.

Son xəbərlər
Digər xəbərlər