Bu gün Prezident İlham Əliyev Mehriban Natiq qızı İmanovanın Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Mehriban Natiq qızı İmanova 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirib.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlayıb.
2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrində çalışıb.
2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.
Mehriban İmanova ailəlidir, iki övladı var.