Ekspert: “Ümumiyyətlə, icazələrin alınması və elektrik enerjisi ilə tikintinin təmin olunmasına 200 gündən çox vaxt lazım olur”
Prezident İlham Əliyev aprelin 4-də “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Sənəd ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədi daşıyır.
“Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” Azərbaycan Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanı ilə təsdiq edilib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda biznes mühitinin əlverişliliyi ilə bağlı hazırlanan beynəlxalq hesabatlarda xüsusilə tikinti sektorunda lisenziyaların alınması ən problemli məsələlərdən biri kimi daimi qeyd olunub: “Bu istiqamətdə ötən dövrdə bəzi addımlar atılıb və bu, müəyyən qədər əlverişliliyi artırıb. Amma elektrik enerjisi ilə bağlı Dünya Bankının hazırladığı “Doing Business” indeksində də mühüm qeyd var. Bu, Azərbaycanın ən zəif tərəflərindən biri kimi qeyd olunur. Ümumiyyətlə, icazələrin alınması və elektrik enerjisi ilə tikintinin təmin olunmasına 200 gündən çox vaxt lazım olur”.
Onun sözlərinə görə, prosedurların sadələşdirilməsi, eyni zamanda müddətin daha da qısaldılması bu istiqamətdə operativliyi artırmaqla biznesin xərclərini müəyyən qədər azaldacaq: “Hazırda tikinti sektorunda durğunluq müşahidə olunur. Bu sahədə mənfəət norması da əvvəlki kimi deyil. Ümid edirəm ki, bu addım sahibkarların bu sektora marağını nisbətən artıra bilər. Xüsusilə də xarici investorların bu istiqamətdə qərar qəbul etməsinə müsbət təsir göstərə bilər”.
İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında Azərbaycanda texniki şərt anlayışının olduğunu deyib: “Elektrik enerjisi və digər kommunal xidmətlərin alınması üçün texniki şərt alınması vacib idi. Bu da süründürməçiliyə və vaxt itkisinə səbəb olurdu. Bunun qarşısını almaq üçün bu sahədə müəyyən addımların atılmasına ehtiyac var idi. Güman edirəm ki, bu addım ilə texniki şərtin alınması asanlaşacaq, sadələşəcək”.
Ekspertin fikrincə, gələcəkdə tikinti və sənaye sahəsində tariflərlə bağlı müəyyən güzəştli sistemə keçmək haqqında qərarlar verilə bilər: “Yerli istehsalı artırmaq, tikinti sahəsini canlandırmaq istəyiriksə, sənaye və tikinti sahəsində elektrik enerjisi tarifləri ilə bağlı müəyyən güzəştlərin tətbiq edilməsinə ehtiyac var idi. Bu fərmandan sonra ola bilər ki, bu sahədə bəzi dəyişikliklər olsun və sahibkarlara müəyyən dəstək olsun. Amma bu, vətəndaşların hesabına, tariflərdəki müəyyən düzəlişlərin hesabına olmamalıdır. Yəni, gələcəkdə bu sadələşdirmə və güzəştlər vətəndaşlar üçün əlavə yükə çevrilməməlidir”.
Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev açıqlamasında Dünya Bankının hazırladığı “Doing Business” hesabatında hər zaman Azərbaycanın mövqeyini izlədiyini deyib: “Məhz elektrik şəbəkəsinə qoşulma və tikintiyə icazələr ilə bağlı müəyyən problemlər var idi və bu amillər Azərbaycanın ümumilikdə mövqeyinə mənfi təsir edirdi. Burada icazələrin alınmasında, elektrik şəbəkəsinə qoşulmada müddətlərin uzun olması, xərclərin çox olması məsələsi var idi”.
Onun sözlərinə görə, son fərmandan sonra bu məsələlərin həlli daha da asanlaşacaq, bu, həmçinin, Azərbaycanın “Doing Business”də olan mövqeyinə müsbət təsir göstərəcək: “Fərmanda müddətlərin qısaldılması, qiymətlərin konkretləşdirilməsi, sənədlərin azaldılması sahibkarlar üçün daha əlverişli şərait yaradacaq”.
Qeyd edək ki, tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması 24 gündən gec olmayaraq təmin ediləcək. Yuxarıda sözügedən qaydada göstərilir ki, sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir. Layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1 kVt gücə görə ƏDV daxil olmaqla, 2,5 manat vəsait ödənilməlidir. Texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.