Müəllif:
Elman Sadıqov
iqtisadçı-ekspert
6 ayın nəticələrinə dair müşavirədə ölkə Prezidentinin səsləndirdiyi bir neçə önəmli mesaj:
Siyasi mövzuda:
– Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməkdən yayınmağa çalışır… bizim də öz cavablarımız var və bunu indi səsləndirmək istəmirəm..
Əvvəla, Ermənistan vaxt udmağa, tempi aşağı salmağa, bir çox məqamları unutdurmağa çalışır. Bəzi dövlətlər də Ermənistanı yenidən təhrik etmək, bəzi hallarda ona özlərini canıyayan göstərməyə çalışırlar. Lakin, hamıya aydındır ki, Ermənistan 30 il işğal altında saxladığı şəhər və kəndləri viran qoyaraq düzəngaha çevirib və həm də həmin torpaqların faydalı qazıntı və məhsullarından istifadə edib. Azərbaycana həm 30 il ərzində dağılan şəhər və kəndlər, həm həmin torpaqlardan istifadə, həm məcburi köçkünlərə xərclənən vəsaitlər, həm də müharibənin aparılması nəticəsində dəyən zərər təxminən 800 milyard dollar həcmində qiymətləndirilir. Bu məbləğ üçün iddia etsək və hətta bu məbləğ 4 dəfə azaldılaraq 200 milyard dollar olsa belə Ermənistanın bunu ödəyəcək gücü, büdcəsi yoxdur. İkincisi, Zəngəzur da Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir. Biz hələ həmin torpaqların geri qaytarılmasını deyil, Laçın dəhlizi əvəzinə Zəngəzur koridorunun açılmasını istəyirik. Bunu da Ermənistan öz üzərinə öhdəlik kimi götürüb. Əgər koridoru açmaq istəmirsə, öz üzərinə götürdüyü, razılaşdığı öhdəliyi pozur, ikincisi, Naxçıvan blokada qalmağa öyrəşsə də, Xankəndi Laçın dəhlizi olmadan 1 həftə yaşaya bilərmi? Üçüncüsü, Zəngəzur dəhlizinin açılmaması 1-2 ölkənin mənafeyinə, açılmaması 1-2 böyük güc mərkəzlərinin əleyhinə xidmət edər. Bunun açılmamsı elə Ermənistanın özünün də mənafeyinə uyğun deyil. Sadəcə, daha çox bazarlıq etmək, daha çox güzəşt qoparmağa çalışmaq mənasızdır. Ən əsası isə, müharibənin son günlərində gündəm olan qeyd etdiyim məsələlərin də yenidən gündəmə gətirilməsi Ermənistanın xeyrinə və mənafeyinə uyğun olmaz…
Digər tərəfdən, məsələ nəyinsə Azərbaycanın, nəyinsə Ermənistanın xeyrinə, zərərinə olmasında deyil. Məsələ, Qafqazın sülh, rifah içində olmasıdır, müharibəsiz gələcəyidir. Bu Qafqazda Ermənistan da var. Yəni, burada (hansısa dövlət və dairələrin təhriki ilə) oyunpozanlıq etmək öz xalqının mənafeyini qumara qoymaqdan başqa bir şey deyil. Son müsahibələrimin birində də qeyd etdiyim kimi, bunu hazırki Ermənistan rəhbərliyi anlasa da, Ermənistanın daxilində və xaricində olan və bulanıq suda balıq tutmaq istəyən bəzi qüvvələr anlamaq və daha doğrusu qəbul etmək istəmirlər.
Qısaca desək, Azərbaycana təzyiqlər edilməyə çalışılır ki, Ermənistana müəyyən güzəştlərə getsin. Bizə qarşı 1-2 təzyiq vasitəsi ola bilər. Amma Azərbaycanın qeyd etdiyim və etmədiyim təzyiq vasitələri (istər daxildən, istərsə də xaricdən) hələ rezervdə gözləyir.
– Status məsələsi birdəfəlik gündəmdən çıxıb.
Əslində status məsələsini gündəmdən Ermənistanın özü xüsusilə səsləndirdiyi mesajlarla çoxdan çıxarıb. “Azərbaycan vuruşa bilmir”. “Tanklarımız Bakıya gedəcək”. “Biz hansısa danışıqlarla torpaqları qaytarmırıq, ala bilirlərsə alsınlar”. Bu ritorika ilə onlarla mesajlar və fikirlər səsləndirdikdən, müharibə yolunu seçib öz xalqın və qarşı tərəfdə qanlar tökülməsinə səbəb olduqdan, müharibədə məğlub olduqdan dərhal sonra statusun olmayacağı ilə razılaşıb sonra yenə status haqqında danışmaq hazırki Ermənistan rəhbərliyinin iradəsindən daha çox kənardan yeridilən iradəyə daha çox bənzəyir.
İqtisadi mövzularda:
– Nəqliyyat növlərinin (dəniz, quru və dəmiryolu) inteqrasiyası və vahid şəbəkə halına gətirilməsi…
Çox vacib və aktual məsələdir. Logistika ilə bağlı həlli vacib bir neçə məsələ var. Bu məsələlərin tam həlli ölkənin mühüm nəqliyyat dəhlizi kimi rolunun artırılmasında həlledici rola malik olacaq. Ümumiyyətlə, sözün həqiqi mənasında, ölkəmizin nəqliyyat qovşağına, mühüm tranzit ölkəsinə çevrilməkdə olduğunu nəzərə alaraq logistika məsələlərinə bir daha kompleks şəkildə baxılması, bir sıra məsələlərə işlək, vahid proqram şəklində yenidən baxılması məqsədəuyğun olardı.
– Qlobal iqtisadiyyatda baş verənlərin daha yaxından izlənilməsi..biz qlobal iqtisadiyyatın bir parçasıyıq..
Təcrübə və keçən illər göstərdi ki, xüsusilə inkişaf etməkdə olan istənilən ölkənin iqtisadiyyatı qlobal iqtisadiyyatda baş verənlərə qarşı çox həssasdır və daxildəki iqtisadi sahədəki addımların təsir və gücü qlobal iqtisadiyyatın vəziyyətindən, baş verənlərdən və təsirindən birbaşa asılı olur.
– Resesiya haqqında danışılır və biz baş verəcəklərə hazır olmalıyıq.
Ölkə Prezidenti çox neqativə köklənmədən sadəcə resesiya dedi. Bir də ərzaq təhlükəsizliyi məsələsinə ciddi bir şəkildə toxundu. Tendensiyalar göstərir ki, böyük ehtimalla 2-3 ən böyük iqtisadi güc mərkəzləri arasında ciddi kapital yerdəyişmələri olacaq. Növbəti 12 ay ərzində pandemiya gündəmdə qalarsa, mövcud tendensiyalar (Mərkəzi Bankların faiz artırma yarışları, inflyasiya, Rusiya-Ukrayna müharibəsi və sair) davam edərsə, qlobal iqtisadiyyatda ciddi dəyişikliklərin baş verməsi qaçılmazdır. Əslində hədəf də budur. Dəyişiklik üçün səbəb, əsas və tələb olmalıdır. Hər 3-ü üçün zəmin olacaq.
Qısaca olaraq, sürətli bir şəkildə faiz artımları inflyasiyaya ciddi təsir etməyəcək. Son 6 ayda səsləndirdiyim fikirlərimdə qalıram. Geniş və dərin mövzudur. Qısaca belə ifadə edək ki, hazırki inflyasiyanın səbəbi sırf monetar siyasətdən daha çox (monetar siyasətin də təsiri var, lakin bu təsir həlledici təsir deyil) digər amillərə bağlıdır. Ən əsası, bu inflyasiya tələb deyil, təklif inflyasiyasıdır. Faiz artırmaqla tələb inflyasiyasını cilovlamaq olar, təklif inflyasiyasını tam olaraq deyil. Bu təklif inflyasiyası bütün dövlətlərə yoluxub. Çünki, hər bir dövlət qlobal iqtisadiyyatın bir parçasıdır və idxal qiymətləri həm istehsalın və emalın maya dəyərlərinə, həm də birbaşa istehlakda qiymət artımlarına birbaşa təsir edir. Sürətli faiz artımlarının isə daha çox başqa səbəbləri var. Bir neçə kiçik haşiyə: 1) 3-4 il öncə dollara qarşı çıxan dövlətlər bu gün dolların gücü çaşqın haldadırlar və siyasətlərini müəyyən etməkdə çətinlik çəkirlər; 2) əslində bahalı dollar ABŞ-a dollarını dünyaya ixrac etməyə imkan yaradır. Yəni, ABŞ indiyə qədər bahalı dollarla özündə illik 500-600 milyard dollar ətrafında mənfi ticarət saldosu yaradaraq həmin vəsaiti dolayısı ilə dünya iqtisadiyyatına inyeksiya etmişdir və etməkdədir. Yəni, mənfi ticarət saldosu ilə ABŞ həmin pulu başda Çin olmaqla digər dövlətlərə vermişdir. Bu davam edir. Digər tərəfdən faiz artımı ilə dollarları geri yığır. İlk baxışda paradoksal görünsə də, belə deyil. Çox incə siyasət yürüdülür.
Qısası, daha incə təfsilatlara, təfərrüatlara keçmədən vurğulamaq vacibdir ki, yaxınlaşan risklər hamını narahat edir. Lakin, burada 3 müsbət məqam vardır ki, onları qeyd etmək yerinə düşər: 1) Bu dəfəki resesiya və çalxantılar bütün güc mərkəzlərində kontrolsuz olmayacaq. ABŞ nə baş verdiyi ilə bağlı qeyri-müəyyənliyin olduğunu, sanki çaşqın vəziyyətdə olduqlarını göstərməyə çalışsa da, atılan addımlar, ritorika, gedişat və göstəricilər bəlli bir senarinin təzahürlərini göstərməkdədir; 2) Bəzi ölkələr baş verənlərin təsirlərinə birbaşa və ciddi şəkildə məruz qalacaqlar. Bir sıra ölkələrlə müqayisədə ölkəmizin ciddi bir böhrana düşməmək və hətta ən pis ehtimalla müəyyən təlatüm və çalxantılara məruz qalınsa da, vəziyyətdən çıxmaq üçün kifayət qədər resurs və imkanı mövcuddur. Yəni, ölkəmiz dolayı təsirlərə məruz qala bilər. Lakin, birbaşa ciddi mənfi və uzunmüddətli təsirlərin olması ehtimalı aşağıdır. Əsas məsələ, qazancdan daha çox əlimizdəkiləri qorumaqdır. Düşünürəm ki, bu amilə diqqət etmək zəruridir. 3) Dövlətlər risklərin qarşısını almaqdan (risklərin idarə edilməsi sahəsində risklərin qarşısının alınması kimi termin və yanaşma yoxdur. Çünki, bu daha təhlükəlidir) daha çox risklərin idarə edilməsinə fokuslanırlar. Yəni, gələn sunaminin qarşısını ala bilməzsiniz, amma təsir və zərərlərini minimallaşdırmaq üçün öncədən tədbirlər görə bilərsiniz… Risklərin idarə edilməsində isə bu çox önəmli və vacib amildir.
P.S. Müşavirədə önəmli, sətirarası o qədər çox mesajlar səsləndirildi ki, hamısını bir yazıya sığdırmaq əlbəttə qeyri-mümkündür. Ən vacib mesaj isə bu idi ki, uğurlarımız və nailiyyətlərimiz nə qədər çox olsa da, qarşıdan gələn dövr bizə arxayın olmağa əsas vermir və hər bir gedişata hazır və ayıq olmalıyıq.