Aprelin 2-də Bakıda Caspian European Club-un sığorta üzrə komitəsinin təcili toplantısı təşkil olunacaq.
Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
İclasda sahə problemləri, həmçinin Caspian European Club-un üzv şirkət rəhbərlərinin Azərbaycanın sığorta sektorunun inkişafı üzrə təklifləri müzakirə olunacaq. Komitənin iclasının sonunda xüsusi hesabat hazırlanacaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya ünvanlanacaq.
Caspian European Club həmçinin aprel-may aylarında geniş formatda Klub üzvləri ilə görüşmək, şirkətlərin təkliflərini dinləmək və bank və siğorta sektorlarının işinin yaxşılaşdırılmasına dair aktual suallara cavab vermək xahişi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışova müraciət edib.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevdir.