8 C
Baku
Monday, November 18, 2024

“Prezidentin təsdiqlədiyi yeni sənəd beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payını artıracaq”

Prezident İlham Əliyev noyabrın 4-də Azərbaycanın “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi (CMR) ilə bağlı Əlavə Protokola qoşulması ilə bağlı qanunu imzalayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev dövlət başçısının təsdiqlədiyi sənədin əhəmiyyətini şərh edib:

– Anar müəllim, ilk öncə ondan başlayaq ki, CMR nədir, harada və necə tətbiq olunur?

– Əvvəlcə qeyd edim ki, Azərbaycan “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyaya 2000-ci ildə qoşulub. Konvensiyanın əsas mahiyyəti isə avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları müqavilələrinə, xüsusən də belə daşımalar üçün tələb olunan sənədlərə dair vahid qaydalar tətbiq etməkdir. Hazırda bu Konvensiyanın tələblərinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi, yəni CMR tətbiq olunur.

“Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol” “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyaya 2008-ci ildə əlavə edilib və bu Protokol 2011-ci ildə qüvvəyə minib. Əlavə Protokolun da əsas mahiyyəti beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi üçün imkan yaratmaqdır.

– Belə anlaşılır ki, elektron əmtəə-nəqliyyat qaiməsi kağız CMR-ı əvəzləyəcək?

– Xeyr, elektron əmtəə-nəqliyyat qaiməsi kağız üzərində tərtib edilən CMR-ın alternativ formasıdır və kağız üzərində tərtib edilən CMR-ın ləğvini nəzərdə tutmur. Sadəcə e-CMR tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsinin həyata keçirilməsi, resurslara qənaət edilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması və daxil edilmiş məlumatlarda dəqiqliyin təmin olunması kimi üstünlüklərə malikdir. Hazırda sözügedən Əlavə Protokola 27 ölkə qoşulub. 2011-ci ildə qüvvəyə minməsinə baxmayaraq e-CMR-dan istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk beynəlxalq yük daşınması 2017-ci ildə həyata keçirilib.

– Elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı Əlavə Protokola qoşulmaq Azərbaycana nə vəd edir? Ölkəmiz bundan nə əldə edəcək?

– Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Baş Nazirin I müavininin 16 mart 2020-ci ildə təsdiq etdiyi “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur işçi qrupunun 2020-ci il üçün Fəaliyyət Planı”nda ölkəmizin “Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol”a qoşulması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.

AYNA-nın fəaliyyət istiqamətləri üzrə göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində istifadəyə veriləcək e-CMR bir sıra üstünlüklərə malikdir. O, elektron əmtəə-nəqliyyat qaiməsi tranzit daşımalarının artırılmasına və potensialının genişləndirilməsinə, idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına xidmət edir, həmçinin beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payının artırılmasını, gömrük əməliyyatlarının sürətləndirilməsi, nəzarətin və hesabatlılığın dəqiq və şəffaf aparılmasını təviq edir. Məlum olduğu kimi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi hazırda ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycanın sözügedən Əlavə Protokola qoşulması yerli daşıyıcılar üçün e-CMR-dan istifadə üçün şərait yaratmaqla yanaşı, onların Avropa İttifaqı bazarında rəqabət qabiliyyətinin artmasına da töhfə verəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər