Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Qeyd olunub ki, az öncə sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.