Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub.
Onlardan biri Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin keçmiş müdiri İndira Hacıyevadır.
O, fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. 2000 – 2001 illərdə Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdiri vəzifəsində işləyib.
Daha sonra müxtəlif illərdə ovaxtkı Gənclər, İdman və Turizm Nazirliyində fərqli vəzifələri tutub.
2006-2007-ci illərdə Prezidentin İcra Aparatında Baş məsləhətçi işləyib. 2009-cu ildə yenidən nazirliyə qayıdıb, 2012-ci ildən 2021-ci ilə qədər isə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2016-cı ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə ” ordeni ilə təltif edilib.
Nazirin digər müavini Marina Vasileva isə 1974-cü ildə Bolqarıstanda doğulub. O, Bolqarıstan yığmasının heyətində gimnast kimi çıxış edib. Karyerasını başa vurduqdan sonra isə “Levski” klubunda məşqçi kimi işləməyə başlayır. M. Vasileva 2007-ci ildə Azərbaycan yığmasından təklif alsa da, o, ölkəmizə 2009-cu ildə gəlib. Həmin ildən yığmamızın çalışdırıcısı olaraq fəaliyyət göstərir.
Qafqazinfo