10 C
Baku
Saturday, January 4, 2025

Prime Cotton MMC Pakistanda: Əməkdaşlıq üçün yeni üfüqlər

®Prime Cotton MMC, 2024-cü il 12-16 dekabr tarixlərində Azərbaycanın pambıq lifi və iplik məhsulları üzrə ixrac imkanlarını genişləndirmək məqsədilə Pakistana işgüzar səfər edib. Azərbaycanın qeyri-neft məhsulları ixracının lideri Prime Cotton MMC nümayəndələri  Pakistan tekstil sənayesini daha yaxından öyrənmək üçün dövlət qurumları və Pakistanın tekstil sənayesinin nəhəngləri ilə məhsuldar görüşlər keçirib.

Səfərdə Prime Cotton MMC-nin İcraçı direktoru Rövşən Mahmudov, Baş Kommersiya direktoru Tural ƏlizadəGP Cotton Holdings-in Sədr müavini Riçard Morqan iştirak ediblər. Şirkət nümayəndələri səfər çərçivəsində Pakistan Ticarətin İnkişafı İdarəsi, Pakistan Tekstil Şurası, Pakistan Milli Qida Təhlükəsizliyi və Tədqiqat Nazirliyi, Bütün Pakistan Tekstil Fabrikləri Assosiasiyası, Karaçi Pambıq Birliyi, Faisalabad Ticarət Palatası və digər mühüm qurumlarla görüşərək danışıqlar aparıblar.

Nümayəndə heyəti adıçəkilən dövlət qurumları ilə yanaşı, Naveena İplik Fabrikləri, Nişat İplik FabrikiCrescent Tekstil Fabrikləri kimi Pakistanın qabaqcıl özəl tekstil şirkətlərini də ziyarət edib. Görüşlərdə Azərbaycanın pambığından hazırlanan ipliklərin yüksək keyfiyyəti, istehsal imkanları və Pakistanın daxili və ixrac tələblərini ödəmək üçün onların uyğunluğu barədə məlumat verilib. Ticarət məsələləri ilə yanaşı Azərbaycanda pambıq və iplik istehsalını qlobal səviyyəyə yüksəltmək üçün Pakistan şirkətləri ilə təcrübə mübadiləsi məsələsi də müzakirə edilib.

Pakistan, qlobal tekstil sənayesində həm istehsalçı, həm də istehlakçı kimi mühüm yer tutur. Ölkə dünyada pambıq ipliyi istehsalında beşinci, istehlakında üçüncü və ixracında dördüncüdür. Pambıq və tekstil məhsulları ixracı ümumi ixracın 60%-nı təşkil edir. Pakistan rəqabətqabiliyyətli qiymətlər və peşəkar işçi qüvvəsi ilə ABŞ və AB kimi əsas bazarlara tekstil məhsulları təchiz edir.

Pakistan səfəri Prime Cotton MMC üçün Azərbaycanın qeyri-neft məhsullarının beynəlxalq bazarlardakı mövqeyini daha da gücləndirmək, pambıq və iplik məhsullarını qlobal səviyyədə tanıtmaq istiqamətində mühüm addım olub. Qlobal geyim brendləri ilə sıx işləyən və onları mütəmadi olaraq iplik və parça məhsulları ilə təchiz edən Pakistan şirkətləri Prime Cotton MMC üçün ideal tərəfdaşlar hesab edilir.

Rövşən Mahmudov səfər barədə bildirib: “Bu görüşlər iki ölkə arasında sənaye sektorunda əməkdaşlığı dərinləşdirmək və Azərbaycanın pambığını Pakistan bazarına inteqrasiya etmək üçün yeni qapılar açır. Biz, 80 ilə yaxın davamlı pambıq istehsalı tarixi və 50 ildən artıq ixrac təcrübəsi olan Pakistan üzərindən Azərbaycan pambığını və təmiz pambıq ipliklərinin beynəlxalq bazarlara satışını artıra, eləcə də Pakistanlı mütəxəssislərin dəstəyi ilə Azərbaycanda pambıq və xüsusilə iplik istehsalında bu ölkənin qabaqcıl təcrübələrindən yararlana biləcəyik. “

Pakistan isə Azərbaycan pambığını və ipliklərini idxal etməklə həm daxili istehsal tələblərini, həm də ixrac məqsədlərini qarşılamaq üçün imkanlar əldə edəcək. Bu əməkdaşlıq, hər iki ölkənin sənaye sektorları arasında qardaşlıq münasibətlərini gücləndirəcək və davamlı iqtisadi faydalar yaradacaq.

Səfər zamanı Azərbaycanın Pakistandakı Səfiri Xəzər Fərhadov Prime Cotton nümayəndə heyəti ilə görüşmüş, Pakistan və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyəti və inkişafından, iki ölkə arasındakı geniş ticarət imkanlarından və səfirliyin bu istiqamətdə gördüyü işlərdən geniş məlumat vermişdir. Bununla yanaşı, Azərbaycan pambığının Pakistan bazarında mövqeyinin güclənməsi üçün əlindən gələn dəstəyi verəcəyini ifadə etmişdir.

GP Cotton Holdings tərkibində fəaliyyət göstərən Prime Cotton MMC, pambıq və pambıq məhsulları istehsalında 30 illik təcrübəyə malikdir. Şirkət Azərbaycanın 20 pambıqçılıq rayonundan 15-də fəaliyyət göstərir və pambıq sahələrinin 50%-ni əhatə edir. Müasir texnologiyaların tətbiqi ilə Prime Cotton MMC, həm dayanıqlılıq prinsipinə sadiqliyini nümayiş etdirir, həm də məhsuldarlığı artıraraq sektorda innovativ yanaşmalara liderlik edir.

WhatsApp Image 2024 12 31 at 19.10.59 1 WhatsApp Image 2024 12 31 at 19.10.59 2 WhatsApp Image 2024 12 31 at 19.10.59 WhatsApp Image 2024 12 31 at 19.11.00 1 WhatsApp Image 2024 12 31 at 19.11.00 2 WhatsApp Image 2024 12 31 at 19.11.00 WhatsApp Image 2024 12 31 at 19.11.01

Son xəbərlər
Digər xəbərlər