Müəllif: Qorxmaz Ağayev , “AtaHolding” ASC Hüquq Departamentinin direktoru
Məlum olduğu kimi, problemli borcların yığılmasında məhkəmə instansiyası vacib bir mərhələdir. Təəssüf ki, belə müraciətlərin sayı barədə rəsmi statistika yoxdur. Bununla belə məhkəmələrdə on minlərlə kredit və digər borc işlərinə baxıldığı, manatın devalvasiyasından sonra isə belə məhkəmə işlərinin sayının xeyli dərəcədə artacağı heç kəsdə şübhə doğurmur. Belə vəziyyətdə onsuz da banklardan daxil olan işlərlə yüklənmiş məhkəmələrin iş yükü daha da artacaq.
Hazırda məhkəmələrə problemli borclarla bağlı əsasən iddia icraatı və əmr icraatı qaydasında müraciət olunur. Hər iki halda işə məhkəmə tərəfindən baxılır və icrası məcburi olan məhkəmə qərarı çıxarılır, qərar isə icra məmurları tərəfindən icra edilir. Bununla belə bu icraatlar arasında bir neçə fərq vardır ki, bu fərqlər onlar arasında seçim etməyi xeyli asanlaşdırır.
- Belə ki, iddia icraatı üzrə işə 3 aylıq (ipoteka ilə təmin edimiş kredirlərə dair 1 ay) müddət ərzində baxılır. Əmr icraatında isə bu müddət 3 gün təşkil edir. Problemli kreditin qaytarılma operativliyi üçün bunun nə dərəcədə vacibliyi hər kəsə məlumdur. Problemli kreditin həll olunması nə qədər uzanırsa, bir o qədər onun həlli çətinləşir.
- Həmçinin iddia icraatından fərqli olaraq, məhkəmə, əmr icraatı qaydasında tərəflərin iştirakı olmadan və məhkəmə baxışı keçirilmədən işə baxır. İddia icraatında isə təcrübədə minimum 2-3 dəfə proses keçirilməklə işə baxılır. Hətta tərəflər prosesə gəlməsələr iş baxılmamış saxlanıla bilər. Təcrübə göstərir ki, iddia icraatı zamanı proseslərdə iştirak işçilərin iş vaxtlarının üçotu və iş vaxtının düzgün idarə olunmasını xeyli mürəkkəbləşdirir, həmçinin iclasların vaxtı və yeri barədə məhkəmə bildirişlərinin dəqiq izlənməsi problemlərini yaradır. Proseslərdə iştirak etməmə, işçinin bankın yox, iş vaxtında öz işlərinin icrası ilə məşğul olması və s. hallar təcrübədə çox tez-tez rast gəlinir. Bununla yanaşı, məhkəmə proseslərində iştirak xərcləri (nəqliyyat, telefon və dəftərxana) və digər gözlənilməz xərclər əmələ gəlir. Onu da qeyd edim ki, təcrübədə problemi borclu ilə yolda və məhkəmə prosesində işçinin həyat və sağlamlığı ilə bağlı risklər də artır. Burada qeyd ediləsi banklar üçün ən zərərli məqam odur ki, proseslərin vaxtı müxtəlif hakimlər tərəfindən təyin olunur və onlar əsasən öz iş qrafiklərinə uyğun hərəkət edirlər. Bu halda bankın nümayəndəsi eyni vaxtda bir neçə yerdə prosesdə iştirak etmək məcburiyyətində qalır. Bu məsələ bankın insan və vaxt resurslarının idarə edilməsində təsirini və effektivliyini azaldır.
- Məhkəmə baxışında olan iddia icraatı zamanı müxtəlif hüquqi alətlərlə prosesin vaxtının müştərinin nümayəndəsi tərəfindən uzadılması (rədd edilmiş vəsatətlər üzrə yuxarı məhkəmə instansiyalarına şikayətlər, məhkəmə ekspertizasının keçirilməsi və s.) riskləri vardır. Əmr icraatında məhkəmə baxışı olmadığından bu risk yoxdur.
- Habelə əmr icraatı qaydasında çıxarılmış məhkəmə qərarı onun verildiyi andan 10 gün keçdikdən sonra 1 ay ərzində icraya yönəlir (cəmi 1 ay 10 gün). İddia icratında isə qətanamənin 1 aylıq qüvvəyə minmə müddəti bitdikdən sonra qərarın icraya yönəlmə müddəti 1 ay təşkil edir (cəmi 2 ay) (Məhkəmə aktının qüvvəyə minməsi və icraya yönəlməsi ilə bağlı qanunvericiliyin bu tələbləri təcrübədə fərqli şəkildə tətbiq olunur. Belə ki, hakimlər məhkəmə aktı (əmr, qətnamə) tərəflərə rəsmən təqdim olunduğu andan qərarın qüvvəyə minmə müddətini hesablamağa başlayırlar və qətnamələr üzrə faktiki 1 ay, əmrlər üzrə 10 gün müddət bitən kimi təxirə salmadan qərarları icraya yönəldirlər.) Qeyd edim ki, məhkəmə qərarlarının onların verilmə tarixindən yox, hakim tərəfindən məktubların göndərilmə tarixdlərindən hesablanması məhkəmə qərarların qüvvəyə minmə və icra məsələlərində müddətlərin uçotu və planlaşdırılmasını çətinləşdirir və əsassız vaxt və idarəetmə itkilərini labüd edir. Nəticədə problemli kreditin həllini gecikdirir.
- Onu da əlavə etmək lazımdır ki, əmr icraatı üzrə məhkəməyə müraciət üçün fiks rüsum nəzərdə tutulmuşdur (20 AZN). İddia icraatında isə rüsum iddianın məbləğindən asılı olaraq dəyişkəndir (500 AZN-dək 20, ondan yuxarı 30AZN). Təcrübədə iddiaların böyük əksəriyyətinin 500 AZN-dən çox olduğunu nəzərə alsaq, bankların hər işdən 10 AZN qənaət edə biləcəyini irəlicədən demək olar. Bu həmçinin problemli borclunun da məhkəmə xərcinin az olması anlamını daşıyır.
Göründüyü kimi əmr icraatı işə baxılma müddətinin azlığı, məhkəmə prosesinin keçirilməsi və tərəflərin iştirakının tələb olunmaması, məhkəmə prosesi zamanı onun vaxtının uzadılması riskinin olmamamsı, tez qüvvəyə minməsi və icraya yönəlməsi və dövlət rüsümunun daha aşağı məbləğinə görə iddia icraatından daha əlverişlidir. Bu məqamlar əmr icraatını banklar üçün daha cəlbedici və əlverişli edir.
Təcrübə də göstərir ki, məhkəməyə müraciət edilmiş təminatsız kredit işlərinin böyük əksəriyyəti əmr icraatı qaydasında məhkəməyə verilir. Hüquqi nöqteyi-nəzərdən, işin əmr icraatı qaydasında məhkəməyə verilməsi üçün əsas şərt onun mübahisəz xarakter daşımasıdır. Statistika göstərir ki, təminatsız kreditlərin böyük əksəriyyəti mübahisəz olur və onlardan yuxarı məhkəmə instansiyasına şikayət verilmir. Təminatlı kredit işləri (yaşayış və ya qeyri-yaşayış sahəsi ilə təmin edilmiş işlər) isə əksinə əksər hallarda mübahisəli olduğundan banklar iddia icraatı qaydasında məhkəməyə müraciət etməyi üstün tuturlar.
Comments are closed.