8 C
Baku
Friday, March 29, 2024

Problemli kreditlərin yığılması işi düzgün təşkil edilməlidir

Banklarda problemli kreditlərin həcminin artması son dövrlər ciddi narahatlıq doğurur. Bu tendensiyanın bir çox səbəbləri vardır. 8 ildən artıq bir dövrdə, problemli kreditlərin yığılması ilə məşğul olan biri olaraq qeyd etməliyəm ki, əsas səbəblərdən biri problemli kreditlərin yığılması işinin düzgün aparılmamasıdır.

Təəssüflə qeyd etməliyəm ki, problemli kreditlərin idarə edilməsi sahəsində çox ciddi porblemlər mövcuddur. Bu sahədə təkmilləşdirmələr çox ləng aparılır, əksər hallarda isə nəticəsiz olur.

Bir sıra hallarda yığımın soft hard və leqal kollekşn mərhələləri üzrə aparılmamasının şahidi oluruq, yığım kredit ekspertləri tərəfindən aparılır və qısa müddətdən sonra iş birbaşa məhkəməyə verilməsi üçün hüquqşünaslara ötürülür, nəticədə müştəri nə baş verdiyini anlamadan icra məmurunun məktubunu alır və artıq bank həmin müştəri ilə bütün kontaktlarını itirmiş olur.

Bu isə öz növbəsində təqibin əsas təməl prinsipi olan intensivlik prinispini pozur, nəticədə müştəriyə aylarla zəng vurulmur, onun barəsində heç bir yeni məlumat toplanılmır və icra məmuru yeni gələn işləri icraata götürdükdən sonra o işlə məşğul olması fiziki olaraq mümkün olmur.

Bəzən soft və hard kollekşn mərhələləri paralel olaraq aparılır və müştəri ilə zənglə ödəniş imkanları tam istifadə edilmədən onun ünvanına qrup göndərilir və konflikt yaranır. Halbuki həmin müştəri ilə telefonla danışıq aparıb ödəniş etdirmək olardı.

Müştəri ilə danışıqlarda refreyminq aparılmır, yəni müştərinin krediti gecikdirməsinin nəticələri barədə təsəvvürü tam formalaşdırılmır. Müştəriyə gecikmə nəticəsində rastlaşacağı probemlər tam həcmdə izah edilmir. Bunun nəticəsində müştəri icra məmuru ilə üz-üzə qalır və problemin həllini yalnız icra məmurunda axtarır. Halbuki ona problemlər vaxtında izah edilsəydi, iş məhkəməyə getmədən ödənişi almaq olardı.

Soft kollekşn və hard kollekşn mərhələləri arasında məlumat mübadiləsi düzgün qurulmur. Soft kollekşn aparan əməkdaş öz qeydlərini düzgün aparmır, nəticədə hard kollekşna məlumat ya səhv ötürülür, ya da ümumiyyətlə ötürülmür. Nəticədə eyni işi iki əməkdaş təkrar görməli olur.

Hard kollekşnda bildirişlərin göndərilməsi sistemsiz həyata keçirilir, müştəriyə vəziyyətin get-gedə ciddiləşdiyi və problemin böyüdüyü barədə fikirlər ötürülə bilmir. Nəticədə bildiriş adi məktub halını alır. Əslində bildiriş göndərilən hər 100 müştəridən ən azı 60-ı banka geri dönüş (feedback) etməlidir. Bu müştərilərdən isə 30%-i ödəniş etməlidir. Əks halda o deməkdir ki, bildirişə xərclənən vəsait boşuna xərclənib.

Müştəri ilə danışıq imkanları tam tükənməmiş müştəri məhkəməyə verilir. Bu halda müştəri bankdan narazı qalır və ödəməmək üçün yollar axtarır. Müştəri hətta məhkəməyə göndərilsə belə, onunla ünsiyyət kəsilməməli, paralel hard kollekşn aparılmalıdır. Müştəriyə istənilən vaxt məhkəməninin dayandırılmasının mümkünlüyü izah edilməlidir.

Əsas problemlərdən biri problemli kreditlərin yığılması ilə məşğul olan işçilərin motivasiya sisteminin düzgün qurulmamasıdır. İşçilərin sabit aylıq əmək haqları yüksək olduqda onlar yığım həcmini artırmaqda maraqlı olmurlar, nəticə isə bank üçün ağır olur. Bəzən işçi məzuniyyətdə olduğu dövrdə belə, yığımlara görə bonus alır ki, bu da digər işçilərin də yığımın nəticələrinə marağını azaldır.

Bu sahədə dünya təcrübəsini və MDB ölkələrinin təcrübəsini araşdırdıqda görürük ki, Problemli Kreditlər Departamentlərinin fəaliyyəti mütəmadi olaraq qiymətləndirilir. Həm yığım prosesinin təşkili və idarə edilməsi, həm də işçilərin peşəkarlığının qiymətləndirilməsi aparılır. Bu qiymətləndirməyə uyğun olaraq təkmilləşdirmələr aparılır. Dünyada qəbul olunmuş peşə standartları və eləcə də müxtəlif indekslər vardır ki, onların əsasında obyektiv qiymətləndirmə aparmaq mümkündür.

Banklar, demək olar ki, özlərinin güclü kreditor imici üzərində iş aparmırlar, nəticədə müştərilər arasına fikir yayılır ki, borcu ödəməsələr, onlar heç bir məsuliyyət daşımayacaqlar. Bu fikir özlüyündə normal ödəniş edən müştəriləri də borcu gecikdirməyə sövq edir. Nəticədə isə qısa müddətdə eyni filial üzrə problemli kredit həcmində 2 dəfə, bəzən daha çox artım olduğunu müşahidə edirik.

AZKOLL Şirkəti olaraq biz mütəmadi olaraq yerli bankların istəyi ilə Problemli kreditlərin yığılması işinin təhlili və qiymətləndirilməsini həyata keçiririk. Bura həm ayrıca struktur bölməsi kimi Problemli Kreditlər Departamentinin fəaliyyətinin təhlili və təkmilləşdirilməsi, həm də obyektiv indekslər əsasında Departamentdə çalışan əməkdaşların işinin qiymətləndirilməsi daxildir.

Bundan əlavə, Rusiyadan tanınmış ekspertlərin də təcrübə mübadiləsi üçün cəlb edilməsini həyata keçiririk. Artıq bir neçə ekspertlə əməkdaşlıq müqaviləsi bağlanılıb və həmin ekspertlər eksklüziv olaraq yalnız bizim iştirak etdyimiz layihələrdə yer alırlar.

Təcrübə göstərir ki, təkmilləşdirmələr nəticəsində banklar əvvəlkindən 30-40% daha artıq gecikmiş kreditləri bərpa edə bilirlər.

Pərviz Məmmədov

AZKOLL Kollektor Agentliyinin Təsisçisi

+994  12 511 66 09
+994  55 260 40 70
+994  12 464 87 72

Son xəbərlər
Digər xəbərlər