Azərbaycanda problemli kreditlərlə bağlı hər bir bank üzrə tədbirlər planı hazırlanacaq.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hər bir bank üzrə problemli bankların kapitallaşdırılması ilə bağlı tədbirlər planı müəyyənləşdirəcək. Plan müəyyən edilərkən potensial kapital mənbələri, qeyri-işlək aktivlərin sağlamlaşdırılması, bankların konsolidasiyası və s. imkanlar təhlil ediləcək. Tədbirlər planında bank və onun səhmdarlarının, dövlət təşkilatlarının və digər əlaqəli tərəflərin vəzifələri müəyyən ediləcək (tədbirin icrasına başlanılıb). MBNP hər bir bank üzrə tədbirlər planının icrasına və nəzərdə tutulan işlərin vaxtında yerinə yetirilməsinə nəzarət məqsədilə monitorinq sistemi müəyyən edəcək.
MBNP aidiyyəti qurumlarla birlikdə problemli bankların minimum itkilərlə sağlamlaşdırılması və yaxud sistemdən kənarlaşdırılması üzrə kompleks institusional və hüquqi mexanizmlərə dair təkliflər hazırlayacaq. Bu məqsədlə “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli Qanununda ediləcək dəyişikliklərin layihəsi hazırlanacaq və aidiyyəti qaydada təqdim olunacaq.
Bildirilir ki, prioritet çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olmaqda əsas risklərə problemli bankların restrukturizasiya tədbirlərinin tamamlanmaması, səhmdarların banklara əlavə kapital yerləşdirmək marağının, yaxud imkanlarının aşağı olması, bankların restrukturizasiyası üzrə institusional və hüquqi mexanizmlərin formalaşdırılmasında gecikmələrin, makroiqtisadi mühitdə neqativ meyillərin davam etməsi nəticəsində problemli bankların sayının artması kimi amillər aid oluna bilər.
Milli valyutanın devalvasiyasından sonra banklarda qeyri-işlək aktiv portfelinin həcmi artıb. Restrukturizasiya olunmuş kreditlərin dinamikası bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi tendensiyasının davam edəcəyini, qeyri-işlək kreditlərin həcminin artacağını göstərir. Kredit risklərinin ötürülməsi alətlərindən istifadə edilməməsi risklərin bankların balanslarında qalması ilə nəticələnir. Qeyri-işlək aktivlərlə iş prosedurlarını düzgün təşkil etməyən banklar böyük itkilərlə üzləşir. Beynəlxalq təcrübədə qeyri-işlək aktivlərin ixtisaslaşmış institutlara ötürülməsi aktivin bazar dəyərinin tam itirilmədən bərpasını təmin edir. Mövcud problemin həlli üçün qeyri–işlək aktivlərin restrukturizasiyasına ehtiyac var.
MBNP, aidiyyəti qurumlarla birgə, qeyri-işlək aktivlərin idarə edilməsi bazarının formalaşdırılması üçün qanunvericilik bazasının yaradılması üzrə tədbirlər həyata keçirəcək. Qanunvericilik bazası yaradıldıqdan sonra aktivlərin idarə edilməsi institutlarının tənzimləmə çərçivəsi müəyyən ediləcək. MBNP, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları qeyri-işlək aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlərin, xüsusilə vergi güzəştlərinin tətbiqi imkanlarını qiymətləndirəcək və müvafiq tədbirləri həyata keçirəcəklər.
Yol xəritəsində deyilir ki, dünya bazarında neft qiymətlərinin 2014-cü ilin ikinci yarısından başlayaraq ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyibr. Neft gəlirlərinin azalması nəticəsində ölkəyə daxil olan xarici valyuta axınları azalıb və xarici valyutaya inersiyon tələbin valyuta təklifini üstələməsi manatın məzənnəsinə olan təzyiqi yüksəldib. Valyuta bazarında vəziyyətin tarazlaşdırılması, tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlılığının təmin edilməsi üçün 2015-ci ildə iki devalvasiya həyata keçirilib. Birinci devalvasiyadan sonra depozit və kredit portfelinin dollarlaşması baş verdiyi halda, ikinci devalvasiyadan sonra maliyyə vəsaitlərinin bank sistemindən kənarlaşması müşahidə olunub. Ümumi iqtisadi artımın zəifləməsi fonunda bank sektorunda uzun müddət müşahidə olunan aktivlik azalıb. Borcalanların ödəmə qabiliyyətinin zəifləməsi kredit risklərinin artmasını şərtləndirib. Mövcud risklərin idarə edilməsi, o cümlədən borcalanların borc yükünün azaldılması məqsədilə banklar kreditlərin restrukturizasiyasına başlayıb. Görülmüş tədbirlərin müəyyən müsbət nəticələri olsa da, makroiqtisadi qeyri-müəyyənliklərin davam etməsi bankların kredit riskləri üzrə ehtiyatlanma xərclərini yüksəldib. Nəticədə, iqtisadi artım dövründə yaradılmış kapital yastığının bir hissəsi itirilib, məcmu kapitalın adekvatlıq əmsalı müəyyən olunmuş minimum normativlərə yaxınlaşıb və Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2015-ci ildə ötən illə müqayisədə 4,2 faiz bəndi azalaraq 14,7 faiz təşkil edib.