10 C
Baku
Thursday, December 12, 2024

Problemli kreditlərlə ombudsman məşğul olacaq: nə dəyişəcək?

Azərbaycan manatının kəskin dəyər itirməsindən sonra bank kreditlərində yaranan ciddi problemlər hələ də öz həllini tapmır. Devalvasiyadan sonrakı dövrlərdə problemli kreditlərin kəskin şəkildə artması problemin daha da dərinləşməsinə səbəb olub. Müxtəlif zamanlarda hökumət problemli kreditlərin həlli ilə müəyyən təkliflərlə çıxış etsə də nəticədə heç bir effketli iş görülmədi və demək olar ki, devalvasiyanın yükü bütövlükdə əhalinin üzərinə yükləndi. Əhalinin gəlirlərinin də devalvasiyaya adekvat olaraq aşağı düşməsi problemli kreditlərin günü-gündən daha da artmasına səbəb olur. Problemldən çıxış yolu kimi isə Azərbaycan Banklar Assosiasiyası (ABA) öz nəzdində yeni qurum yaradıb. Belə ki, artıq gələn aydan fəaliyyətə başlaması nəzərdə tutulan Bank ombudsmanı institutu kiçik kreditlərlə bağlı yaranmış problemləri həll etməyə çalışacaq.

Xatırladaq ki, ABA-nın Rəyasət Heyətinin bu il aprelin 14-də keçirilmiş iclasında Bank Ombudsmanının reqlamentinə əlavə və dəyişikliklər təsdiq edilib, bu vəzifəyə İkram Heydər oğlu Kərimov təyin edilib.

Qeyd edək ki, Bank Ombudsmanının yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir.Maliyyə ombudsmanının 2 min ABŞ dollarına qədər olan mübahisələrə baxması nəzərdə tutulub. Bununla belə, yalnız o banklardan ombudsmana şikayət etmək mümkün olacaq ki, onlar “Bankların müştəriləri – fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamış olsun.

Maraqlıdır, Bank Ombudsmanı kiçik kreditlərdə yaranmış problemlərin həllinə nail ola biləcəkmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bu qurumun fəaliyyətinin effektli olmayacağını deyib. Həsənovun sözlərinə görə, Bank ombudsmanı müstəqil qurum olmadığı üçün daim banklardan asılı olacaq:

“Bank və ya daha geniş desək, Maliyyə ombudsmanının yaradılmasını ilk təklif edənlərdən biri də mənəm. Burada məqsəd ümumi olaraq maliyyə sektorunda baş verən konfliktləri həll etmək, istehlakçı ilə sahibkar arasında vasitəçi olacaq bir qurumun yaradılması idi. Ancaq biz təklif edirdik ki, bu müstəqil qurum olsun və bank-müştəri münasibətlərinə obyektiv qərar versin. Bu həm də bankların xeyrinə olan təklifidir.Çünki bəzi məhkəmələr illərlə davam edir.Bu təklifin məqsədi təkcə vətəndaşların müdafiə olunması deyildi, bank-vətəndaş arasında kompromisə nail olmaq idi.Yəni, ümumi götürsək, bu ideya çox yaxşıdır.Amma bu gün Azərbaycanda yaradılan Bank ombudsmanı heç də müstəqil deyil, Azərbaycan Banklar Assosiasiyasına tabedir.Yəni, bir növ quzunu qurda tapşırırlar.Müstəqil olmayan şəxsin isə bank və vətəndaşlar arasında yaranan problemləri həll etməsi mümkün deyil.Amma Bank ombudsmanı Azərbaycan Banklar Assosiasiyasından asılı olacaq, maaşını ordan alacaq.Bu şəxs heç bir halda vətəndaşı müdafiə etməyəcək.Eynilə Maliyyə Bazarlarına Nəzarət Palatası kimi.Palata da bu gün vətəndaşları müdafiə etmir, heç edə də bilməz.Çünki Palatanın da maliyyəsini banklar verir.Bu sadəcə bir oyundur.

Bir tərəfdən demək istəyirlər ki, baxın, biz vətəndaşların problemləri üçün müəyyən addımlar atırıq.Yəqin ki, beynəlxalq valyuta qurumlarından da qrant alırlar.Yəni, bu sadəcə olaraq mənasız bir qurumdur. Təbii ki, Azərbaycana Bank ombudsmanı lazımdır, amma bunun iki şərti var. Ya bu qurum dövlətə tabe olmalıdır, ya da tamamilə müstəqil bir qurum kimi fəaliyyət göstərməlidir. Ancaq heç bir halda Bank ombudsmanı banklardan asılı olmamalıdır.

Maliyyəsini bankdan alan bir təşkilat vətəndaşın xeyrinə qərar çıxara bilməz. Bu tamamilə mümkünsüz bir məsələdir. İndi kimsə Azərbaycan Banklar Assosiasiyasına pul ayırıb, onlar da bu pulu yemək üçün belə bir qurum yaradıblar ki, baxın biz iş görmüşük”.

Son xəbərlər
Digər xəbərlər