Pilotsuz uçuş aparatının və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına görə cəzalar müəyyənləşir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar Pilotsuz uçuş aparatının və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.