3 C
Baku
Saturday, December 14, 2024

Pul çapı effektiv makro-iqtisadi həll variantı sayıla bilərmi?

Son maliyyə böhranından sonra bütün dünyada mərkəzi banklar pul çap edib, iqtisadiyyata ötürməklə böhranın fəsadlarını aradan qaldırmağa çalışdılar. Ancaq bu fəsadlar dünya iqtisadiyyatına o qədər dərindən təsir etmişdir ki, iri iqtisadiyyatlar hələ də pul çapını dayandıra bilmirlər. İqtisadiyyatlar pul çapından və ucuz borcdan o qədər asılı hala düşüb ki, pul çapını qəfil dayandırmaq, iqtisadiyyatlarda şok yarada bilər. Bir çox ölkələrdə pul çapı istənilən nəticəni vermədi ki, bu da əlavə likvidlik yaratsa da, fəsadların arada qaldırılmasını ləngitdi. 2009-cu ildən sonra təkcə İngiltərə Mərkəzi Bankının balansındakı qiymətli kağızlarin məbləği 4 dəfə artıb. Bu məqalədə pulun çap edilib iqtisadiyyata ötürülməsi prosessi, bu prosessin mənfi və müsbət tərəfləri müzakirə ediləcəkdir.

Pul çapı mexanizmini ən sadə dillə izah etsək deyə bilərik ki, Mərkəzi Banklar kommersiya banklarının qiymətli kağızlarını alır və bankları likvid vəsaitlə təmin edir. Banklar likvid vəsaitlə təmin edildiyindən, daha aşağı faizlərlə həmin vəsaiti iqtisadiyyata kredit vermək yolu ilə ötürürlər. Beləcə, problemli kredit portfeli olan banklar, ucuz vəsaitlə kreditləri restrukturizasiya edir və yeni kreditlər verərək, iqtisadiyyatda əlavə pul kütləsi əmələ gətirir. Beləcə iqtisadiyyatda yeni vəsait əmələ gəlir və iqtisadi böhrana səbəb olan fəsadlar aradan qaldırılır.

Pul çapı mexanizminin əsas üstünlüyü qısa müddətdə real effektinin olmasıdır. Amerika qiymətli kağızlar bazarı hələ də bu süni böyümənin təsiri altındadır. Bundan əlavə, pul çapı ilə balansında likvid vəsait əmələ gələn şirkətlər yeni iş yerləri açır və böyüyür ki, bu da ümumi daxili məhsulun artması ilə nəticələnir. Spiral effektini davam etdirsək, bu effekt həm də istehlakçı indeksini artırır ki, bu da iqtisadiyyatda bizneslərin böyüməsi ilə nəticələnir.

Bəs bu qədər müsbət effektlər varsa, pul çapı mexanizminin mənfi yan təsirləri nələrdir?

Pulun çap edilib iqtisadiyyata ötürülməsinin ən böyük riski inflyasiyaya səbəb olması ilə bağlıdır. Belə ki, iqtisadiyyatda pul kütləsi alına biləcək əmtəələrin dəyərindən daha çox olduqda inflyasiya yaranır. Pul çapı mexanizmində də iqtisadi nəzəriyyələrə uyğun olaraq, iqtisadiyyata daxil olan pul kütləsinə uyğun əmtəə və istehsal yaranmırsa, inflyasiya qaçınılmaz olur. Məhz buna görə pul çapı heç də çıxış yolu deyil, sadəcə problemlərin ertələnməsi ilə nəticələnir. Bundan başqa onu da qeyd etmək lazımdır ki, pul çap edən ölkələrdə şirkətlər ucuz vəsait tapa bildirkləri üçün daha riskli aktivlərə meyl edirlər ki, bu da şişmiş aktivlər və riskli maliyyə bazarları ilə nəticələnir. Məsələn, Amerikanın yüksək texnologiya şirkətləri məhz ucuz vəsait tapdıqları üçün böyüyə bildi və indi bu bazar pul çapından demək olar asılı vəziyyətdə qalıb. Həmçinin, pul çapı və ucuz vəsaitin iqtisadiyyata ötürülməsi sağlam iqtisadi qərarlar qəbul edən və gəlirlərinin bir hissəsinə qənaət edən istehlakçılara əmanətlər üzrə aşağı faiz dərəcələri tətbiq etməklə cəzalandırılır. Əksinə, borclanma etmək istəyən əhali üçün aşağı faiz dərəcələri daha cəlbedici hal alır.

Son olaraq vurğulamaq olar ki, pul çapı iqtisadiyyatda pul kütləsini artırmaqla ucuz borclanmanı həvəsləndirir və əlavə inflyasiyaya səbəb olur. Pul çapı iqtisadiyyata təcili yardım kimi təsir etsə də, uzun müddətdə asılılıq gətirir və iqtisadiyyatı iflic vəziyyətə sala bilər. Pul çapı monetar siyasətlər üçün son ümid variantı sayılır və adətən mərkəzi bank rəhbərləri iqtisadi durğunluğu pul çap etmədən, daha effektiv dayanıqlı siyasətlə dəf etməyi hədəfləyirlər. Sadə iqtisadiyyata malik və qiymətli kağızlar bazarı az inkişaf etmiş ölkələrdə pul çapı vasitəsilə iqtisadiyyata pul kütləsi ötürmək və bu kütləni inflyasiyaya qarşı idarə etmək daha da çətindir.

Müəllif
ƏLİ DADAŞZADƏ
Digər yazıları

Son xəbərlər
Digər xəbərlər