18 C
Baku
Thursday, April 25, 2024

“Pul da var, ideya da, sadəcə onları əlaqələndirmək lazımdır” – MÜSAHİBƏ

Azərbaycanda innovasiyaların tətbiqi, startap ekosistemi, staptaplara dövlət dəstəyi və bu sahədə dövlət siyasətinin təfərrüfatları ilə bağlı Banker.az  Fed.az-a istinadən bildirir ki,  suallarını  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (YHQN) tabeliyində fəaliyyət göstərən Dövlət İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli cavablandırır.

 – Tural müəllim, İnnovasiya Agentliyinin fəaliyyəti ilə bağlı vəziyyət necədir, Agentlik artıq tam gücü ilə işə başlayıb?

– Bəli, agentlik tam gücü ilə işləməyə başlayıb. Biz artıq bir neçə yeni proqramlar və məhsullar üzərində işləri tamamlamışıq, yaxın vaxtlarda onları təqdim edəcəyik. Ən vacibi budur ki, biz əsas hədəf auditoriyalarımız üçün bütün layihələrimizi, xidmət və məhsullarımızı çox aydın və başa düşüləcək formada qururuq. Yəni staraplar üçün hansı məhsullar var, sahibkarlar və böyük istehsalçılar üçün hansı məhsullar var, eyni zamanda ixtiraçılara hansı dəstək göstərilir və sair.

Bu proqramlar birbaşa olaraq ekosistemin inkişafı üçün nəzərdə tutulub. Artıq Agentliyin bu ilin sonuna kimi bir neçə böyük tədbirləri, konfransları, mübadilə proqramlarının və digər institutsional inkişafa səbəb ola biləcək layihələri üzərində işləri yekunlaşmaqdadır. Ümid edirəm ki, sentyabrda biz bunların hamısının şahidi olacağıq.

 

– Agentliyin qarşısına ölkədə innovasiya potensialını gücləndirmək, inkişaf etdirmək və monetizasiyası ilə bağlı ciddi vəzifələr qoyulub. Əvvəlcə bilmək istəyərdik, Azərbaycanda innovasiyaların tətbiqi ilə bağlı indiki vəziyyət necədir? Bu sahə bizdə nə qədər inkişaf edib?

– İnnovasiyalar sahəsində inkişaf, əslində heç vaxt bitmir. Burada əsas məsələ əhatə sahəsinin genişlənməsi və tətbiq edilmənin dərinliyidir. Bizim üçün xoş məqam ondan ibarətdir ki, Azərbaycanda innovasiyaların inkişafı üçün həm çox münbit bir zəmin, həm də ənənə var. Unutmayaq ki, biz hələ 100 il əvvəl müxtəlif innovativ həlləri tətbiq edərək neft-qaz sahəsində müxtəlif yeniliklər etmişik. Eləcə də heç bir müasir texnologiyalar olmadan 1947-ci ildə Neft Daşları kimi möcüzə sayıla bilən şəhəri salmışıq. Bundan başqa, hazırda ABŞ-dakı Silikon Vadisi startapların mərkəzi sayılır. Bu ərazi İT sənayenin tələbi ilə yaranan şəhərdir. Biz bu Silikon Vadisini çox illər əvvəl neft sənayesinin tələbi ilə Sumqayıt şəhəri kimi yaratmışıq. Yəni indiki meyarlarla baxanda Sumqayıt da bizim Silikon Vadimiz sayıla bilər.

Bu gün isə bizə lazım olan odur ki, 4-cü nəsil mühəndislərlə bu müsbət ənənə və irsin üzərindəs prosesləri dücgün idarə edək və ekosistemin institusional arxitekturasını yekunlaşdıraq.

 

– Bu məsələdə xarici təcrübədən istifadə olunur?

– Biz bu istiqamətdə yerli və xarici mütəxəssislərlə işləyirik. Amma bir reallığı da nəzərə almaq lazımdır ki, heç bir ölkə öz innovasiya inkişafının uğurunu başqası ilə paylaşmır.

Mübadilə proqramlarında da nəzərə almaq lazımdır ki, heç kim bizə öz uğur sirrini gətirib paylaşmayacaq, bu səbəbdən də biz yalnız uğur sirlərini deyil, uğursuzluq əhvalatlarını da təhlil edirik.

Çünki uğuru əldə etmək üçün çox böyük zəhmət, pullar və sair xərclənir, amma bu yolda yüzlərlə uğursuzluqlar da olur. O yollrın tədqiqi də mütləq vacibdir ki, başqalarını səhmlərində öyrənib düzgün əhvalatları quraq. Bir sözlə, ekosistemlə bağlı çox gözəl məqamlar var, innovasiya üçün çox gözəl bir irs qəbul etmişik və indi sadəcə öz uğur yolumuzu inkişaf etdirmək lazımdır.

 

– Biz ətraf ölkələrlə müqayisə eləsək, məsələn, Gürcüsan, Ukrayna, Qazaxıstan, Rusiya və ya Türkiyə ilə – innovasiyaların tətbiqi ilə bağlı vəziyyətimiz necədir?

– Bu sahədəki regional rəqabəti bir neçə parametrlə müqayisə edirik. Bu gün dünyanın bütün ölkələrində, o cümlədən qonşu ölkələrlə müqayisədə, yarış əsasən liberal qanunvericilik üzərində gedir. Yəni ölkələr çalışırlar mümkün qədər maksimum liberal qanunlar qəbul etsinlər ki, bu investisiyanın və qonşu ölkələrdən startapların ora axınını təmin etsinlər. Bir arayış deyim – məsələn bizim tərəfdaş ölkə olan Belarusda texnoparklara verilən 7 illik rezidentlik güzəştləri 2049-cu ilədək uzadılıb. Bu o deməkdir ki, artıq bizim üçün də bir tapşırıq yarandı ki, analoji liberal qanun qəbul edək. Çünki bu gün xüsusilə yüksək texnologiyalar sahəsində bilirsiniz ki, sərhəd yoxdur, insanların bütün məhsulları onların noutbuklarındadır, onların əqli mülkiyyətindədir və onlar sərhəd tanımırlar. İstənilən ölkəyə gedib – əgər orada investisiya mühiti varsa, müəllif hüquqları qorunursa və liberal qanunvericilik varsa, – köçüb orada işləyirlər.

 

– Bəs Azərbaycan özü elə bu üsullarla qonşu ölkələrdən startaplar cəlb edə bilərmi?

– Azərbaycan region ölkələrindən startapları və investisiyaları cəlb etmək üçün çox uğurlu nöqtədədir.

Bu gün qonşu ölkələrin içərisində olduğu sanksiyalar müharibəsində Azərbaycan bir əminlik adasına çevrilib. Buna əyani bir nümunə – bu gün İran startapları sanksiyalara görə xaricdən investisiyalar cəlb edə bilmir. Halbüki bu gün İranda 4400 startap var ki, bunlardan ən azı 2 mini beynəlxalq investisiya axtarışındadır. Yəni yerli kommersiyalaşma ilə yanaşı, həm də beynəlxalq invetisiya axtarışındadırlar. Amma bu sanksiyalar onlara imkan vermir ki investisiya cəlb etsinlər.

 

– Belə çıxır ki, Azərbaycan onlar üçün yaxşı platforma ola bilər?

– Azərbaycan bu işdə yaxşı bir platforma ola bilər ki, biz region ölkələrindən, xüsusilə də sanksiya altında olan region ölkələrindən startapları ölkəyə gətirib burada onların inkişafına və ekosistemin inkişafına nail olsun. 

 

– Azərbaycanda bu sahənin potensialını necə qiymətləndirirsiniz? Sadə desək, innovasiyaların yaranması üçün pul, şərait yoxdur, yoxsa ideyanın özü?

– Mən deyərdim bizdə pul da var, şərait də var, ideya da var. Sadəcə bunların arasında kommunikasiya qurmaq lazımdır. Bizdə çox maraqlı startaplar var ki, onların çox gözəl həlləri, ideyaları var. Şərait də var – bizim Yüksək Texnologiyalar Parkı 7 illik vergi güzəştləri təqdim edir. Nazirliymiz tərəfindən dəfələrlə qrant proqramları həyata keçirilib. Bu ün İnnovasiylaar Agentliyinin özünün startaplarla bağlı bir neçə maliyyə alətləri var. Bunlar qrantların verilməsi, güzəştli kreditlər və birbaşa investisiyalardır. Bunların hamısı bizim maliyyə mandatımıza daxildir. Dövlət tərəfindən dəstək də var. Sadəcə bunlar arasında kommunikasiya qurmaq və əlaqələndirmək lazımdır.

Çünki starap – yenilik deməkdir, yeniliyi kommersiyalaşdırmaq, xüsusilə də mühafizəkar ənənələri olan sektorlarda – elə də asan deyil. Çünki sahibkar və ya hər hansı dövlət qurumu daha çox transmilli böyük şirkətərə üstünlük verirlər – hansılar ki, uğursuzluq halında əllərində böyük bir maliyyə təminatı və minlərlə işçisi olan servis komandası var – nəinki 10-15 nəfərlik kövrək bir startap komandasına. Ona görə də biz dövlət qurumu olaraq özümüzün üzərinə düşən borcu yerinə yetiririk ki, startapları potensial investorlarla əlaqələndirək. 

 

– Tural müəllim, innovasiyaların tətbiqi və onun iqtisadi-biznes sektorunda yeri ilə bağlı ilkin olaraq hər hansı hədəflər varmı?  Məsələn, 3-5 illik müddət üçün.

– Hazırda biz bu məsələlərin üzərində bir neçə beynəlxalq məsləhət şirkəti ilə birlikdə işləyirik. Ölkədə innovasiyanın inkişfına dair Yol Xəritəsinin hazırlanması üzərində onlarla birlikdə iş aparırıq. Yaxın vaxtlarda, sentyabrda onlar bizə ilkin hesabat versiyasını təqdim edəcəklər. Onlan sonra biz, həm geniş ictimaiyyətə, həm də KİV-ə bu təqdimatı edəcəyik. Azərbaycanın innovasiya yol xəritəsində birincisi subspesifik istiqamətlər müəyyən olunacaq. Çünki bildiyiniz kimi, bu sahə çox genişdir və iqtisadiyyatın bütün sahələrini əhatə eir. Aqrardan tutmuş, turizm və ya müdafiə sahəsində texnologi həllərin tətbiqi təbiidir və labüddür. Amma biz müəyyən etməliyik ki, bu sahələrdən hansı Azərbaycan üçün prioritetdir və bizim hansı sahədə potensialımız var.

Bizim innovativ inkişafla bağlı qısa, orta və uzun müddətli hədəflərimiz var. Məsələn, orta müddətdə biz bu sahə ilə bağlı bir neçə qanunvericilik aktlarının qəbul olunması, bu sahənin inkişafı, liberallaşma üçün bir neçə təkliflər üzərində işləyirik. Ümid edirik bu təkliflər qəbul olunacaq, çünki təkcə bu layihələri təqdim etmədik, həm də bu təkliflərin iqtisadi əsaslandırılması üzərində də işləyirik ki, qonşu ölkələrdə hansı təcrübə var və biz nəyə görə bu qanunları qəbul etməliyik.

 

– Bunlar hansı qanunlardır?

– Bir neçə qanunların üzərində iş gedir. Vençur fondu, kraudfandinq haqqında qanunlar və ümumilikdə innovasiyalırın inkişafı ilə bağlı ciddi bir sənəd üzərində işləyirik, bura bir neçə dövlət qurumlarını da cəlb etmişik.

 

– Azərbaycanda kraudfandinqə münasibət necədir? Dünyada belə platformalar var və işləyir, bəs Azərbaycan vətəndaşları sizgə bu platforialara və bu sahəyə maaq göstərirlərmi?

– Bilirsiniz, mən razıyam ki, bütün sahələrdə istiqamətlərdə qanunlar, tənzimləyici strukturlar və sənədlər olmalıdır və sair. Amma hər bir istiqamətdə işlər aparanda mütləq baxmaq lazımdır ki, bizdə onun ənənəsi varmı?

Kraudfandinq öz-özlüyündə yeni anlayışdır, amma dərinliyinə gedəndə siz baxarsınız ki, Azərbaycanda bu ənənə olub, yəni insanlar, bir neçə investor toplanaraq bir ideyaya vəsait yatıraraq, payçı olublar, yəni payçılıq ənənəsi olub.

Bununla bağlı beynəlxalq qanunvericilik də var. Amma mən yenə də deyirəm, həmişə tərəfdarıyam ki, hər hansı trend olan sahə ilə bağlı qanunvericilik qəbul ediləndə region ölkələri və başqalarının təcrübəsini tərcümə edib qəbul etmək yox, birincisi araşdırma aparmaq və regional xüsusiyyətləri nəzərə alaraq bunu etmək lazımdır. Ona görə də kraudfandinqlə bağlı qanun layihəsi bizə müvafiq quramdan daxil oldu, biz onu təhlil edib öz əlavələrimizi etmişik.

 

– İnnovasiyalar Agentliyi innovasiyalara  3 mexanizmlə kömək edəcək (kredit, qrant və yatırım etməklə). Bunların hansı daha tez başlanacaq?

– Qrantlarla bağlı bildiyiniz kimi, indiyədək İKT fondu vardı. Və bu fond bir neçə mərhələdə qrantlar ayırmışdı, bununla bağlı bizim böyük təcrübəmiz var.

Amma biz çalışacağıq ki, staplara qrantdan əvvəl «presid» adlanan – yəni toxumdan öndəki yatırım – mexanizmlə dəstək verək. Yəni qrant formasından daha çox investisiya formasında dəstək veriləcək. Çünki, qrant bildiyimiz kimi, geri qaytarılmayan, yardım xarakterli və daha çox sosiaol yönümlü bir alətdir.

Ona görə də biz startaplara daha çox investisiya etmək çüün fokuslanacağıq.

Bunun da səbəbi odur ki, startapın başqa ölkədən investisiya cəlb etməsi üçün mütləqdir ki, öz yaşadığı və fəaliyyət göstərdiyi ölkədə kommersiyalaşsın. Elə olmasa, qarşı tərəfdən sual yaranacaq ki, əgər bu yaxşı ideyadırsa, niyə onların öz ölkəsində kommersiyalaşmayıb və ya investisiya cəlb edə bilməyib.

 

– Bu nəyə imkan verək?

– Bu ona səbəb olacaq ki, birincisi, startaplar beynəlxalq arenaya çıxanda investor qarşısında daha cəlbedici olacaq, çünki investor görəcək ki, burada dövlət yatırımı var. Deməli bu layihənin ilkin dəyərləndirilməsi həyata keçirilib. Dəyərləndirmə olubsa, deməli bu layihənin kommersiya əhəmiyyəti, maliyyə dayanıqlığı var. Yəni dövlətin startapa investisiyası bu layihəni investorlar üçün daha cəlbedici edir. Sözsüz ki, yatırım edəndə məhdud resurslar üçün müraciət edənlərin sayı çox olur, ona görə də, biz burada bir neçə seçim meyarları müəyyən edəcəyik.

 

– Maraqlıdır, startaplar hansı meyarlarla seçiləcək?

– İlk növbədə biz artıq kommersiyalaşmış startaplara üstünlük verəcəyik. O startap ki, artıq kommersiyalaşıb, məhsulu və komandası var – o layihələr bizim üçün daha cəlbedicidir.

Bundan başqa, hansı startap xaricdən investisiya cəlb edibsə, biz onlara da yatırım etməyə çalışacağıq. Yəni hansı layihə xarici investorla danışıq aparırsa, biz də bəyan edəcəyik ki, xaricinin yatırım edəcəyi qədər biz də yatırım etməyə hazırıq. Buna «dollar2dollar» prinsipi deyirlər. Belə halda, layihəyə yatırım edən investor görəcək ki, bu layihəyə startapın öz ölkəsində də inam var, daha inamlı olacaq.

 

– Ümumiyyətlə staptarda dövlətin payının olması həmişə yaxşı hal sayılırmı? Çünki layihəyə dövlətin yatırım etməsi o layihə üçün qarant sayıla bilər.

– Bir tərəfdən hə, amma digər tərəfdən ehtiyatlı olmaq lazımdır. Çünki dövlətin layihədə pay alması heç də bütün investorlar üçün cəlbedici deyil, əksinə əksər investorlar üçün dövlətin layihədə böyük və uzunmüddətli payçı olması onlar üçün startapı toksik edir. İnvestorların çoxu çalışır ki, dövlət layihədə maksimum 10-15%, yəni simvolik paya sahib olsun və bu sahiblik müddəti 5-7-10 ildən artıq olmasın. Çünki xarici investorlar böyük dövlət səhmləri olan layihələrdə maraqlı olmurlar.

Əslində biz də başa düşürük ki burada bizim vəzifəmiz səhmə sahib olub pul qazanmaq deyil, iqtisadiyyatda dəyər yaratmaq və onun daha uzunmüddətli təsirləridir.

 

– Startaplara qrant ayrılması üçün tələblər, meyarlar və ayrılacaq məbləğ müəyyən edilibmi?

– Qrantlar üçün seçim meyarları və istiqamətləri üzərində iş gedir. Yaxın vaxtlarda biz yenilənmiş qrant proqramını elan edəcəyik. Amma əvvəlcədən elan edim ki, qrantların seçilməsində birincisi biz seçim komissiyasının anonimliyini təmin edəcəyik ki, seçim prosesi daha şəffaf olsun. İkincisi, biz seçim prosesinə xarici mütəxəssisləri də cəlb edəcəyik.

 

– Anonimlik deyəndə startapın, yoxsa qərar verənlərin anonimliyini nəzərdə tutursunuz?

– Qərar verənlər anonism olacaq, çünki bu yanaşma beynəlxalq sahədə də öz təsdiqini tapıb. Seçim komissiyası anonim olanda daha şəffaf olur. Əlbəttə ki, komissiya yenilənəndə əvvəlki komissiyanın üzvlərini adlarını açıqlayacağıq.

 

– Agentliyin əsas dəstək mexanizmlərindən biri qurumun xətti ilə güzəştli kreditlərin ayrılması olacaq. Bu prosesə nə vaxt başlanacaq?

– Agentliyin xətti ilə müvəkkil banklar vasitəsilə 10 milyon manata yaxın kredit ayırmaq imkanı var. Burada əsas meyarları banklar müəyyən edəcək. Yəni seçim prosesində banklarla biz birlikdə iştira edəcəyik. 

 

– Startaplara investisiya yatırımları ilə bağlı limitlər necə olacaq?

– Bilirsiniz, biz limitlərlə bağlı ümumiləşmiş rəqəm qəbul etmək istəmirik. Çünki hər startapın ayrı biznes modeli və rəqəmləri var. Ona görə də bu məsələyə hər layihə üzrə ayrı-ayrı individual yanaşma olacaq. Məsələn, elə layihə var ki, o artıq kənardan 10 milyon manat yatırım cəlb edib və ona dövlət investisiyası ümumiyyətlə lazım deyil. Eləsi də var ki, o hələ indi bu barədə danışıq aparır və xarici investora göstərmək üçün ki, onun layihəsinin 1 milyon dollar dəyəri var, o istəyir ki, dövlət onun layihəsinin heç olmasa 10 faiz müqabilində 100 min dollar investisiya etsin ki, layihənin dəyərinin 1 milyon olduğu dövlət tərəfindən təsdiqlənsin. Yəni burada seçim meyarları fərqlənir.

 

– Yatırımlar və kreditləşqmə prosesi nə vaxt başlanacaq?

– Mən hesab edirəm ki, sentyabr ayında, daha dəqiqi, ayın sonunda bizdə bütün meyarlar hazır olacaq.

 

– İndidən müraciətlər başlayıbmı?

– Müraciətlər həmişə var, startaplar bizə müraciət edirlər, biz onlara kömək göstəririk, bizdə artıq bir neçə proqramlar var ki, ilin əvvəlindən biz onların həyata keçiririk. Bunlardan biri – «Come-up» proqramıdır, biz burada startapların müvəkkili rolunu oynayırıq ki, startapları bu və ya digər dövlət və özəl qurumlarından yatırım almasına köməklik göstərək.

 

– Belə startaplar var?

– Əlbəttə, bu yaxında, bizim bir startapımız ABŞ-da 10 milyon dollar investisiya müqaviləsi imzalayıb. Bu layihə blokçeyn üzərindən beynəlxalq investisiyaların təşviqi və beynəlxalq invetisiyaların izlənməsini həyata keirir. Yəni beynəlxalq investisiyalar üçün çox gözəl platformadır. Bu yaxınlarda onlar ABŞ-da requlyatorlardan müvafiq lisenziyaları da əldə etdilər.

Yeri gəlmişkən biz öz investisiya fəaliyyətimizi də bu platformanın üzərindən həyata keçirməyi planlaşdırırıq. Çünki innovasiya agentliyi olaraq özümüz ilk növbədə öz startaplarımızın mümkün qədər istifadəçisi və təbliğatçısı olmalıyıq.

Startaplarımızın uğur əhvalatları var. Biz bunların hamısının qeydiyyatını aparırıq. Bizim üçün fəaliyyətimizin əsas nəticəsi ilin sonunda cəlb olunmuş investisiyalardır, cəlb olunmuş layihələrdir və açılan yeni iş yerləridir.

 

 

– Dediniz ki, Azərbaycanda belə məhsullar var, və hətta investisiya da cəlb ediblər. Bəs elə məhsullar varmı ki, kommersiya cəhətdən uğurlu ola bilər, amma hələ investisiya cəlb etməyiblər?

– Bəli, belə layihələr var və biz çalışırıq ki, bu layihələri hüdudlardan kənara çıxaraq. Çüni staptap bir neçə ölkədə məhsulunu sata biləndə investor üçün daha cəlbedici olur, nəinki məhəlli bir bazarda.  

 

– Hazırda Azərbaycanda bəzi startap layihələri var ki, geniş tanınır, hətta xarici ölkələrdə də nümaynədəlikləri var. Belə startaplara da dəstək göstəriləcəkmi?

– Liberallaşmanın tərəfdarıyıq. Amma bəzən belə ideyalar səsləndirirlər ki, Azərbaycan startaplarını başqa ölkəərdə kommersiyalaşdırmaq üçün biz hansısa başqa ölkələrdə özümüzün innovasiya ofislərimizi açaq. Bu o halda yaxşıdır ki, biz Azərbaycanda fəaliyyət göstərən startaplar üçün ordan investisiya cəlb edək ki, onların məhsullarını kommersiyalaşdıraq. Amma hər hansı bir Azərbaycan startapının başqa ölkə ərazisinə köçüb orada veri ödəyicisi olması onun bizim ekosistemə xeyrini azaldır. Çüni o layihə faktiki olaraq çevrilir X ölkəsinin Azərbaycan əsilli startapına və X ölkəsinin vergi ödəyicisinə. Və bizim startap sayılmır. Ona görə də deyəndə ki, biz xarici nümayəndəlik açmalıyıq və startaplarımızı xaricə ixrac etməliyik, burada həssas və diqqətli yanaşmaq lazımdır ki, özümüz də bilmədən Azərbaycan startaplarını xaricə eksport etməyək. Biz startapların deyil, onların məhsullarının ixracına çalışmalıyıq. 

 

– Kreditlərlə bağlı – müvəkkil kredit təşkilatları ilə münasibətlərdə layihələrin maliyyələşdirilməsi və risklərin tənzimlənməsi ilə bağlı kifayət qədər sərt tələblər qoyulub. Belə sərt tələblər əsas kapitalı yalnız ideyadan ibarət olan belə bizneslərin maliyyələşməsində maneələr yaratmayacaq?

– Düşünmürəm olsun, çünki bu gün bizim təqdim etdiyimiz qədər güzəştli faizlə heç bir bank kredit təqdim etmir. Üstəlik kredit manatda verilir ki, bu da startapları müəyyən mənada qoruyur. Amma mən sizinlə tamamilə razıyam və biz bu reallığın fərqindəyik ki, startaplara kreditdən daha çox investisiya lazımdır. Çünki dünya praktikasında startapların kredit götürməsi elə də geniş yayılmayıb. Burada söhbət əsasən investisiyalardan gedir. Ona görə də biz biz daha çox hədəflənmişik – ilk növbədə invetisiyalara, ikincisi qrantlara, sonra isə kreditlərə.

 

– Agentliyin ilkin nizamnamə fondu hazırki miqyaslarla o qədər də böyük olmayan 500 min manat müəyyən edilib. Bu vəsait qarşıdakı vəzifələrə nail olmaq və haqqında danışdığımız dəstək mexanizmlərini maliyyələşdirmək üçün kifayət edəcəkmi?

– Bizim digər bütün fəaliyyətimizlə bağlı büdcəmiz var. Və artıq bunun üçün cənab prezidentin fərmanına əsasən tapşırıqlar verilib. Həm bizim fəaliyyətimiz, həm də saxlanma xərcləri üçün müvafiq vəsaitləri alacağıq.

 

– Ümumiyyətlə bu sahədə siyasət necə olacaq – Agentlik sadəcə ekosistemi yaxşılaşdırıb ortaya çıxan layihələri dəstəkləyəcək, yoxsa hansısa formada iqtisadiyyata tələb olunan innovativ məhsulları da sifariş edəcək?

– Bununla bağlı yanaşmamız belədir ki, bu gün Agentlk daha çox bu sahədə siyasəti müəyyən edən, requlyator olan bir qurumdur. Biz əlimizdən gələni edirik ki, bu sahədə liberallaşma olsun və mümkün qədər çalışacağıq ki, bazar iştirakçısına çevrilməyək. Requlyator olaraq biz çalışacağıq ki, bu sahədəki startaplar, İT şirkətlər, bu sahədə məhsul istehsal edən şirkətlər özləri öz məhsulları ilə yerli və xarici müştərilərinə xidmət göstərsinlər.

Amma burada başqa bir imkan var – bu Polşa təcrübəsidir. Bu ölkədə analoji qurum böyük dövlət resurslarından istifadə edərək tenderdərdə iştirak edir, tenderdərdə zamin rolunu oynayır, və tenderi qazandıqdan sonra onu öz çətiri altındakı ekosistem iqtirakçılarına ötürür. Yəni onları sığortalamış olur. Biz bu praktikanı təhlil etmişik və ondan istifadə etməyi düşünürük.

 

– Belə bir vəziyət, tutaq ki, Azərbaycanda hansısa sahəyə bir həll lazımdır, məsələn, kənd təsərrüfatına. Bizim startapçılar isə bu barədə heç fikirləşmirlər, ümumiyyətlə bu ehtiyacdan xəbərsizdirlər. Belə vəziyyətdə İnnovasiyalar Agentliyinin belə məhsulun yaradılması üçün bir sifariş vermək və ya bir tender keçirmək funksiyası olacaqmı?

– Gözəl sualdır, qeyd edim ki, İnnovasiyalar Agetliyi olaraq bizim nizamnamə və mandatımıza uyğun olaraq dövlət qurumlarında innovasiya auditlərinin keçirilməsini planlaşdırırq. Bu auditlərdən sonra biz sözsüz ki, müəyyən edəcəyik ki, hansı dövlət qurumunda hansı istehsal və ya biznes proseslərinin optimallaşdırılması mümkündür, hansı istiqamətlərdə innovativ həllərin təbiqi zəruridir və ya mümkündür. Həmin auditdən sonra biz bu sahədə fəaliyyət göstərən startapları, bu xidmətlərə ehtiyacı olan dövlət qurumları ilə əlaqələndirəcəyik.

 

– Azərbaycan hansı növ innnovastiv məhsulları ixrac edə bilər –proqramlar, yoxsa innovasiyaların istifadə edildiyi cihazlar? Sizcə bunların hansı daha realdır?

– Yəni bizə nə vacibdir – proqram təminatı yoxsa fiziki məhsullar – «hardware», yoxsa «software»? Biz regional reallıqları nəzərə alaraq – yeri gəlmişkən, biz regional reallıqlarla yanaşı, regional təhlükələri də təhlil etmişik – o qənaətə gəlmişik ki, bu gün Azərbaycan üçün ən böyük prioritet «soft» üzərindəndir. Səbəbi odur ki, regionda Çin adlı oyunçu var, hansı ki, hər bir məhsulun ucuz və kütləvi istehsalında onunla rəqabət aparmaq asan deyil. Ona görə də biz daha çox «software»ə üstünlük verəcəyik. «Hardware» istiqamətində isə biz «butik» istehsalının tərəfdarıyıq.

 

– «Butik» istehsal nə deməkdir?

– Nümunə göstərim – bir var ki, siz 10 min ədəd telefon və ya tablet yığımı ilə məşğul olarsınız, bu halda Çinlə rəqabət aparmaq elə də asan deyil. Bir də var ki, siz xaricdə istehsal olunmuş 1 milyon dollarlıq bir dronu, bir ədəd dronu Azərbaycanda yığasınız. Bu bahalıdır, amma kütləvi istehsal deyil. Bax, biz buna fokuslanman istəyirik. 

 

– Bizim məhsulları hansı ölkələrə icxrac etmək olar? Bütün dünyaya? 

– Bizim məhsulları ixrac etmək üçün regionda kifayət qədər münbit şərait var. Soft baxımından tam Avropa v Amerikada da bir sıra şirkətlər var ki, onlar MDB məkanına daxil olmaq istəyirlər Onlar bu bazarlara daxil olmazdan əvvəl məhsullarını regional tələblərə adaptasiya etməlidirlər – bunlar dil və sair qanunvericilik parametrlərdir. Bu baxımdan Azərbaycan çox gözəl platformadır ki, onlar gəlib burada məhsullarını adaptasiya etsinlər və bu məhsullar qonşu ölkələrə ixrac edilsin.

Bundan başqa, dediyim kimi, əgər soft məhsullardan söhbət gedirsə, ixrac imkanlarının həddi-hüdudu yoxdur. İnternet hara kimi işləyirsə məhsullar da ora qədər ixrac edilə bilər.

 

– Agentlik innovasiyaların elmi araşdırmalarlda tətbiqi və eyni zamanda elmi araşdırmaların kommesiyalaşdırılmasına da dəstək verməlidir. Sizcə bu sahədə potensial nə qədərdir? Həm elmi araşdırmaların keyfiyyəti, həm də potensial atış və kommersiyalaşma imkanları baxımından. Daha sadə desək, bizim elmi araşdırmalarınmız satıla biləcək səviyyədədirmi?

– Bu gün biz bu sahədə bir sıra tədqiqat institutları, xüsusilə ali məktəblərlə və təhsil ocaqları ilə sıx əməkdaşıq edirik. Universitetlərin nəzdində aparılan tədqiqatların əksəriyyətindən xəbərimiz var. Yəni hansı universitetdə, hansı istiqamətdə hansı işlər görülür. Ondan sonra həmin universitetlərin laboratoriya xəritəsini – respublikada hansı universitetin nəzdində hansı laboratoriya var və onların maddi-texniki bazası – bütün bunların xəritəsini hazır etmişik və təsəvvürümüz var ki, harada nə məhsullar var. Ən çətin məsələ bu məhsulların beynəlxalq patentləşməsi və kommersiyalaşmasıdır.

 

– Patentləşmə çətin prosesdir?

– Siz bilirsiniz, Azərbaycanda ən geniş yayılan Avrasiya patentidir. Amma bu patent dünya bazarına çıxmaq üçün tam kifayət etmir. Patent almaq da asan proses deyil, bu həm vaxt alan bir prosesdir, biznesdə isə belə vaxt itkisi qəbul olunmazdır. Digər tərəfdən də çox bahalı bir prosesdir – hər hansı beynəlxalq patentin alınması minimum 15 min avrodan başlayır.

Buna görə də biz çalışırıq ki, patentlərin alınmasında, layihələrin kommersiyalaşmasında transmilli şirkətlərlə və müxtəlif ölkələrin ölkəmizdəki səfirlikləri və ticarət evləri ilə əməkdaşlıq quraq. İdeyamız budur ki, yaxın tezliklə, bir neçə universitetin nəzdində texnologiya transfer mərkəzlərinin təsis edilməsinə başlansın. Bununla bağlı artıq danışıqlara başlamışıq.

 

– Startaplara vəsait yatıılmasında dövlət dəstəyi yalnız bu prosesə başlamaq üçün tələb olunur. Bəs digər investorlar necə – bizim cəmiyyət və bizim investorlar staptap kimi, indiyədək tanış olmadıqları layihəyə, necə deyərlər, əllə toxuna bilmədikləri bir aktivə yatırım etməyə mental cəhətdən hazırdılarmı?

– Bu istiqamətdə mən sizinlə razıyam ki, biz 70 il sosialist blokunun üzvü olmuşuq və bu illər ərzində sahibkarlıq spekulyativ fəaliyyət, ixtiraçılıq isə avantüra sayılıb. Birdən-birə bu keçiddən sonra insanları təhrik etmək ki, onlar ixtira etsinlər və sahibkarlıqla məşğul olsunlar. Bu asan deyil və bizdə olan sahibkarların mühafizəkarlığı anlaşılandır. Amma artıq yeni nəsil, investorlar, sahibkarlar formalaşır ki, onlar böyük həvəslə yerli startaplara investisiya edirlər.

 

– İnvestorlar adətən yatırım edəndə çıxış nöqtəsini də əvvəlcədən dəqiqləşdirirlər. Ən azı bununla bağlı vəziyyəti öyrənirlər. Yəni tələb olunarsa bu aktivi nə qədər tez və nə qədər itkisiz satmaq mümkün oluğunu əvvəlcədən göz altına alırlar. Tutaq ki, hər hansı investor bu sahəyə – hər hansı startapa  yatırım etdi, sabah o bu aktivi satmaq istəsə onu alan ikinci investor olacaqmı? Və ya dövlət bu prosesdə hər hansı qarant funksiyası oynaya bilərmi? Məsələn geri alım zəmanəti kimi bir təklif edə bilərmi?

– Bu sahədə investorların maariflənməsi də labüddür. Amma ən yaxşı maariflənmə nəzəri deyil, praktikidir. İnvestorlar həmkarlarının uğur əhvalatlarını gördükləri təqdirdə başa düşəcəklər ki, bu sahə perspektivlidir. Digər tərəfdən siz daha əvvəl olduğunuz iqtisadi layihənin başqasına satış əhvalatını bildirdiniz. Bunun özü də bir uğur əhvalatıdır. Amma 10 il əvvəl belə bir praktika mümkün idimi? Xeyr, belə bir ənənə yox idi. Yəni daxili bazardakı bir neçə uğur əhvalatları, presedentlər bu ahəyə inamı artıracaq.

 

– Siz startaplar və investorları əlaqələndirmək üçün nə etmək fikrindəsiniz?

– Biz burada müxtəlif ideyaları olan startapçılarla görüşlər keçiririk. Bunlarla yanaşı, mütəmadi olaraq petensial investorlarla da ünsiyyətdə oluruq. Maraqlıdır ki, investorlar maraqlı ideyanın olmamasından, startapçılar isə yerli investorların azlığından şikayət edirlər. Halbuki ikisi də kifayət qədərdir. Biz bundan başa düşdük ki, Azərbaycanda investor da var, ideya da var, sadəcə bunların görüş məkanı yoxdur.

Ona görə yaxın vaxtdarda bizim agentliyin dəstəyi ilə belə bir veb platforma yaradılır. Burada potensial investor axtaran şirkətlər, startaplar öz məhsullarını 3 dəqiqəlik təqdimatını keçirəcək, ətraflı materiallar yerləşdirəcəklər. Və potensial maraqlı layihə axtaran investorlar da orada layihələri dəyərləndirəcəklər. Burada həvəsləndirmək üçün müsabiqə elementi də əlavə olunub – ən yaxşı startap layihəsinin müəllifləri 100 min dollar mükafat alacaqlar. Yəni artıq bizim dəstəyimizlə yerli bir startap bu platforma üzərində işləyir. Yəqin bu ilin sonunadək bu platforma işə düşəcək və onun özü də bir startapdır. Bu bir növ vaxtilə ABŞ-dakı «qızıl ajiotajını» xatırladır – bütün adamlar qızıl axtarmağa gəlirdi, amma ən çox pul qazananlar qızıl axtaranlara bel satanlar oldu.

– Müsahibəyə vaxt ayırıb, suallarımızı cavablandırdığınıza görə təşəkkür edirik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər