6 C
Baku
Sunday, December 15, 2024

“Pulsuzluq məqsədə maneə deyil, bəhanədir”- Uğur hekayəsi

Nicat Nəsirov: “Xaricdə oxumaq karyerada yeni nəfəs, abı-hava, dünyagörüşü və vizyondur”

Ən böyük qorxusu komfort zonada olmaqdır. Düşünür ki, insan gənc yaşında kifayət qədər pul qazanıb komfort zonaya çəkilməkdənsə, öz prinsiplərinin, maraqlarının arxasınca getməlidir. Ona görə, planlı şəkildə işləmək, zamanın düzgün bölünməsi uğur qazanmaq üçün vacib şərtlərdəndir.
Müsahibimiz İT mütəxəssisi, İsveçrə mərkəzli “Beqom” şirkətinin məhsulu üçün Microsoft yazılım qrupuna müşavirlik edən Nicat Nəsirovdur.

N.Nəsirov Bakıda anadan olub. Ankara məktəb liseyini bitirib, 2009-cu ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olub. 3-cü kursdan etibarən AMEA İnformasiya Texnologiyaları İnstitutunda Web developer olaraq çalışıb. 2013-cü ildə Türkiyə dövləti tərəfindən Türkiyə Bursları dövlət proqramına seçilib və magistratura təhsilini Yıldız Teknik Üniversitetində davam etdirib. Magistratura təhsilini bitirdikdən sonra doktorantura təhsilini davam etdirmək üçün yenidən eyni təqaüd proqramına Türkiyə tərəfindən seçilib. Magistratura oxuduğu dövrdən etibarən yazılım şirkətində çalışıb. 2014-2016 illərdə isə “Smartiks” şirkətində işə başlayıb və bu şirkət vasitəsilə Coca-Cola Company, Yıldız Holding-in törəmə şirkətləri üçün biznes konsultanlıq edib.
1527170853 ugur
– Nicat bəy, işinizin xüsusiyyətlərindən danışın.
– Hazırda Türkiyədə həm öz tətbiqlərini yazan, həm də İT sahəsində məsləhətçilik verən Smartiks Bilgi Teknolojileri şirkətində çalışıram. Smartiks şirkəti həmçinin İsveçrə mərkəzli Beqom şirkətinin Türkiyədəki məsləhətçiliyini verməkdədir. Bir çox qlobal böyük şirkətlər öz bonus və HR sistemlərini Beqom proqramı vasitəsilə həyata keçirdirlər. O cümlədən, də Microsoft şirkəti də Beqom proqramını istifadə edir. Mən də Microsoft üçün məsləhətçilik xidməti verirəm. Hindistan, Avropa və Amerikadakı mühəndislərlə birgə işləyib proqramın optimum şəkildə işləməsini təmin edirik.
 
– Hindistan, Avropa, Amerika mühəndisləri ilə birlikdə işləyirsiniz. Azərbaycanlı gənc üçün başqa ölkədə əcnəbilərlə işləmək çətin deyil ki ?
– İlk gəldiyim vaxtlardan konsultantlıq etdiyim şirkətlər də bir növ xaricilərin idi. Düzünü desəm, Bakıda öz həmyerlilərimlə işləməklə, burada işləmək arasında fərqlər çoxdur. Yeni başlayanda hər həftə keçirilən qlobal iclaslarda Microsoft-un çox üst vəzifələrində olan insanları ilə ünsiyyətdə olmaq və gündəlik güclü mühəndisləri ilə birlikdə işləmək olduqca həyəcanlı və çətin idi. Sonradan artıq bu tempə alışdım. Hətta öyrənmək baxımından əcnəbilərlə işləmək daha əyləncəlidir deyə bilərəm. Birlikdə işlədiyim insanlar tolerantdırlar. Hər zaman bir-birimizi başa düşməyə çalışırıq. Bəzən öz milli mədəniyyətlərimiz haqqında danışırıq və milli bayramlarda bir-birimizi təbrik edirik. Fərqli ölkə vətəndaşları ilə işləmək, onların mədəniyyətlərini öyrənmək istər dünyagörüş, istərsə də savad baxımından faydalıdır.
– Hazırda işləməklə bərabər doktorantura pilləsində təhsil alırsınız. Təhsil sizin üçün nədir?

– Təhsil mənim üçün izah edə bilməyəcəyim qədər önəmlidir. Mən öz gələcəyimi magistr təhsili zamanı aldığım dərsin ilk təqdimatında bəlirlədim. Məncə, gələcəkdə akademik təhsil iş həyatının ayrılmaz bir parçası olacaq və olmaqdadır da. Görülən hər bir iş üçün akademik məsləhətçilər əvəzedilməz rol oynayır. Mən də bu iki istiqaməti özümdə birləşdirə bilmək üçün əlimdən gələni edirəm. Məncə, uğurlu karyerada ən önəmli faktorlardan biri təhsildir. Çünki təhsil insanın həm dünyagörüşünün formalaşmasında, həm də müəyyən mənada cəmiyyət üçün yararlı olması, işlədiyi yerdə faydalı olması baxımından önəmli rol oynayır. Bu baxımdan düşünürəm ki, məhz təhsilin hesabına uğurlu karyera qurmaq olar. Təbii olaraq, təhsil aldığın zaman əldə etdiyin müəyyən bilikləri iş zamanı tətbiq etdikdə, uğur əldə etmək olur. Xaricdə oxumaq karyerada yeni nəfəs, abı-hava, dünyagörüşü və vizyondur.
1527170649 33398353 1668365479898607 7965068158111318016 n
– Hər bir insanın həyatda müəyyən amalı, prinsipləri olur. Bəs sizin prinsipləriniz nədir?

– Mənə görə, iki cür həyat tərzi var. Birincisi insanın tək istəyinin komfortlu yaşam olması, daima maddiyatın düşünülməsi, yaxşı biznes qurmaq və ya yüksək maaşlı işdə çalışıb komfort həyat tərzi keçirtmək.
İkincisində isə maddiyat o qədər də önəmli deyil. Bu həyat tərzini seçən insanlar pulun daha çox olduğu istiqamətə yox, öz prinsiplərini, maraqlarını və gələcəkdə bir iz qoyub gedə bilməyi düşünürlər. Bu istiqamətdə pul özü gəlib səni tapır. Bəzən daha az gəliri olan bir işdə işləyib, o işdən gələcək üçün böyük təcrübələr qazana bilirlər. Düşünürəm ki, mən də bu həyat tərzini seçmişəm. Karyeramda və həyatımda bəlirli bir prinsiplərim var. Bunlardan ən təməldə olanı, özümü yalnızca özümə və ailəmə yararlı olmaq üçün deyil, bütün insanlığa yararlı bir iş görə bilmək üçün yetişdirməkdir.

– İT fərqli sahələrdən hesab olunur, hətta bəzi insanlar bu işin mütəxəssislərinin fərqli düşündüklərini deyirlər. Sizcə, peşənizin çətinlikləri və müsbət tərəfləri nədir?

– İnsan öz işini sevdiyi zaman heç bir çətinliyini görmür. Düşünürəm ki, bu sahədə fiziki cəhətdən heç bir çətinlik yoxdur. Bütün iş beynin üzərinə düşür. Bəzən qarşılaşdığımız problemi günlərcə həll edə bilmirik, amma sonra 10 dəqiqəlik iş olduğunu görürük. Məncə, hər zaman düşünmək işimizin müsbət tərəfidir. Bu sahədə çox peşəkar insanlar var. Mən hələ özümü peşəkar saymıram. Ancaq düşünürəm ki, hər hansı bir işin peşəkarı ola bilmək üçün insan qarşısına məqsəd qoymalıdır, hər gün araşdırmalı, yeni şeylər öyrənməlidir. Müxtəlif layihələrdə işləmək və təcrübə insanı öz işində peşəkar edir. Digər peşələrdən fərqi və çətinliyi, hər gün və hətta hər saat inkişaf etməsidir. Hazırda bir şey öyrənərkən artıq biriləri sənin öyrəndiyinin daha yeni modelini çıxartmış olur.
1527170708 33383675 1668365456565276 1927507685230510080 n
– Karyera yolunda qorxunuz nədir?
– Ən böyük qorxum “comfort zone”dır. Bu elə bir şeydir ki, insanı çox rahatladır və öz həyat tərzini dəyişdirməkdən qorxur, çünki ona lazım olan hər şey əlinin altında olur. Əlbəttə, bir çox şirkətlərin strategiyaları da önəm verdiyi işçilərə komfort zona yaratmaqdır. Bəzən, ev, maşın, telefon və s. kimi önəmli maddi əşyalarla təmin edib, yüksək maaşla çalışdırmaq istəyirlər. Bu əslində öncədən bildirdiyim kimi, komfort həyat tərzini seçən insanlar üçün olduqca gözəl şansdır və uzun müddət bu zonada qalmağa çalışırlar. Ancaq ikinci həyat tərzini seçən insanlar üçün qorxulu bir bölgədir. Bütün prinsiplərin, məqsədlərin unudulub rahat həyat tərzinə aldana bilir.
– Valideynlər öz övladlarının yaxşı ətrafı olması üçün çalışırlar. Hər gəncin öz “kruqu” olur.  Ümumiyyətlə, dostların karyera yolunda rolu nə qədərdir?
– Əlbəttə uğur yolunda insanın dostlarının, ətrafının da rolu böyükdür. Bir-birimizin məqsədlərini dinləyib, dəstək olurduq. Öyrəndiyimiz yenilikləri, yeni proqramları bir-birimizlə bölüşürdük. Xaricdə təhsil almaq üçün maddi imkanlar məhdud idi. Ona görə tamamilə dövlətin qarşılayacağı təqaüd proqramları axtarırdıq. Beləcə, dostum Cənubi Koreyada təqaüd proqramı qazandı, mən isə Türkiyədə.
 
– Maddi imkanlar məhdud idi deyirsiniz. Bəzi gənclər məqsədlərinə çatmayanda imkansızlıqdan şikayətlənirlər. Həqiqətən maddi imkansızlıq məqsədə çatmağa mane ola bilərmi?
– Xeyr, bu, bəhanədən başqa bir şey deyil. Əlbəttə, maddi imkan insanın bəzi işləri daha tez görməyinə kömək edə bilər. Ancaq dünyada çox böyük uğur qazanan azərbaycanlılar var ki, maddi imkanları məhdud olub. Gərək məktəb vaxtlarından məqsədli, iradəli olasan. Daima axtarışda olmaq lazımdır. Hazırda bütün təqaüdlər, universitet qəbulları online aparılır və istədiyimiz məlumatları ala bilərik. İmkansızlıq məqsədə maneə deyil, sadəcə, bəhanədir.
1527170654 33401119 1668365469898608 4032410198529277952 n
– Adətən xaricdə təhsil alan azərbaycanlılar vətənə böyük iddialarla qayıdırlar. Sizin hansısa iddialarınız varmı?

– Öz istədiyim istiqamətdə tam ixtisaslaşdıqdan sonra öyrəndiklərimi paylaşmaq istəyirəm. Ən çox istəyim isə Azərbaycandan da beynəlxalq konfranslara, jurnallara güclü məqalələrin daha çox getməsi və bu sferada səs-səda sala bilməsidir.

– Dalay Lamanın belə bir sözü var: Uğurlarınızı onları əldə etmək üçün qurban verdiklərinizə baxaraq dəyərləndirin”. Uğurlu karyera yolunda nələri qurban vermisiniz?
– Vaxt… Zamanımın çoxunu arzu və məqsədlərimə çatmaq üçün sərf etmiºəm. Məktəbli vaxtlardan, bir çox əyləncələrdən, dincəlməkdən boyun qaçırdıb gələcək həyatım üçün vaxtımı təhsilə xərcləyirdim. Hazırda da belədir. Ancaq bu tendensiyanı yenicə dünyaya gələn qızım pozdu. Onunla daha çox vaxt keçirtməyə çalışıram.
1527170722 33345839 1668365513231937 1586272593692852224 n
– Ailə də, karyera da qurmusunuz. Sevginin motivasiyaedici amil olduğu deyilir. Sizcə, həqiqətən belədirmi?
– Əlbəttə, ailə insanı daha da məsuliyyətli edir. Ailəli olduqda işlərə daha çox motivə olursan. Ailənin karyeraya mane olduğu fikirlərini yanlış hesab edirəm. Əvvəllər belə fikirlərlə məni də qorxudurdular. Heç də belə deyilmiş. Xoşbəxt evliliyin olanda, insan daha həyəcan və sevgiylə işlərə bağlanır.
 
– Sonuncu ənənəvi sualımız. Uğur sirriniz nədir?

– Uğur hər an qazanıla bilinəcək bir şeydir. Hər gün heç bilmədiyimiz bir şeyi öyrənmək, onu düşünmək də bir uğurdur. Yetər ki insan çox istəsin, hər gün, hər həftə nə qədər irəlilədiyini görə bilsin, ən əsası etdiyi səhvləri qəbul edib onları düzəltmək üçün çalışsın. Bunlar prinsipli və motivə şəkildə edilirsə, istədiyimiz uğuru qazana biləcəyimizi düşünürəm. İnsanın edə bilməyəcəyi heç bir şey yoxdur.

Son xəbərlər
Digər xəbərlər