İdman məhsulları istehsalçısı “Puma”nın səhmləri Almaniyada ticarət zamanı 17,5% artaraq pik həddə €19,97-ə çatıb, bu barədə ticarət məlumatları göstərir. “Bloomberg” yazır ki, bu, sentyabrdan bəri ən böyük artımdır.
Kotirovkaların yüksəlməsinə səbəb “Anta Sports Products” — çinli idman geyimi istehsalçısının “Puma”nı potensial olaraq satın alma imkanını nəzərdən keçirməsi barədə məlumatlar olub. Bu haqda vəziyyətlə tanış mənbələrə istinadən “Bloomberg” və “Reuters” yazır.
“Bloomberg”in mənbələri “Puma”nın daha bir potensial alıcı kimi Çinin “Li Ning” şirkətini göstərir. Agentliyin məlumatına görə, şirkət mümkün sövdələşmənin maliyyələşdirilməsi variantları barədə banklarla ilkin məsləhətləşmələr aparır. “Bloomberg” əlavə edir ki, “Puma”ya maraq göstərən şirkətlər arasında Yaponiyanın “Asics Corp.” şirkəti də var.
Bütün danışıqlar ilkin mərhələdədir, hansı namizədin həqiqətən təklif verəcəyi hələlik bəlli deyil. “Bloomberg” yazır ki, sövdələşmə üçün ciddi maneələrdən biri “Puma”nın ən böyük səhmdarı — “Pinault” ailəsinə məxsus “Artemis” investisiya şirkətinin qiymətləndirmə ilə bağlı gözləntiləri ola bilər. Qeyd edək ki, 2024-cü ilin sonunda şirkət brendin 29%-nə sahib idi.
“Reuters” qeyd edir ki, “Puma” həm idman geyimi bazarındakı yeni rəqiblərə, həm də böyük rəqib “Adidas”a mövqeyini uduzub. Satışların azalması fonunda şirkətin baş direktoru Arne Fröyndt apreldə vəzifədən çıxarılıb, onun yerinə daha əvvəl “Adidas”ın satış direktoru olmuş Artur Höld təyin edilib. Oktyabrda o bildirib ki, “Puma” endirimlərdən daha az istifadə edəcək, marketinqi yaxşılaşdıracaq, məhsul çeşidini azaldacaq və 900 iş yerini ixtisar edəcək. Höld qeyd edib ki, bu il zərər gözlənilir, artıma dönüş isə 2026-dan sonra — 2027-ci ildə proqnozlaşdırılır. Bununla belə, analitiklər Höldün strategiyasının onun sələfinin planına bənzədiyini və kifayət qədər radikal olmaya biləcəyini deyirlər.








