Punktuallıq – sizin işgüzar reputasiya baxımında müsbət keyfiyyətinizdir
Gecikmək vərdişi adətən insana bir sürü problem yaşadır: söhbət həm gecikən insandan, yəni təyin olunmuş yerə vaxtında gələ bilməyən şəxslərdən və həm də onları gözləmək məcburiyyətində qalan ətrafdakı insanlardan gedir. İşə, iclasa, işgüzar görüşə gecikmələr sizin işgüzar reputasiyanıza nəzərəçarpacaq qədər “minus” əlavə edir. Bütün bunlar təkrarlandıqda və mütəmadi olaraq baş verdikdə, punktuallıq daha sizin imicinizin bir hissəsi olmağı dayandırır. Bu zaman artıq, rəhbərlik, həmkarlar və işgüzar ortaqlar sizi məsuliyyətsiz və güvənilə bilməyən insanlar siyahısına daxil edir, necə deyirlər, siz “düşürsünüz qara siyahıya”. Punktual və mütəşəkkil olmaq üçün bir neçə tövsiyəni diqqətinizə təqdim edirik.
1) Elə insanlar var ki, onlar işə getmək üçün hətta yuxudan 3 saat tez oyansalar da, vaxtında ofisin kəndarından içəri daxil olmaq üçün onlara yenə beş dəqiqə bəs eləmir. Yuxudan çox tez oyanmaq bir növ onlar üçün tələ rolu oynayır: adam elə gəlir ki, vaxt lazım olduğundan üç dəfə daha çoxdur, deməli televizorda xəbərlərə baxaraq, rahatca şirin çay içmək olar, ya saçları yuyub, təzədən qurulamaq və ya yarımçıq qalmış hesabatı sona çatdırmaq… və s kimi işlər görmək mümkündür. Səhər vaxtı üçün bir neçə “dayanacaq məntəqələri” müəyyən edin. Məsələn 7:15-də mən artıq səhər yeməyini bitirməli, 7:30-da bütün qab-qacaq yuyulmuş olmalı, 7:45-də mən tamamı ilə geyinmiş olmalı, 8:00-da artıq evdən çıxmalıyam (Əgər Sumqayıtda yaşayırsınızsa qrafiki bir saat da irəli sürüşdürün). Vaxtı izləyin və qrafikdən çıxmamağa çalışın.
2) Evdən çıxmamışdan öncə tələsik mailə göz gəzdirmək, nəsə ütüləmək (və ya yumaq), qəzetdəki elanlara diqqət salmaq kimi vərdişləri tərgidin. Sizə elə gəlir ki, bütün bunlara cəmi 5 dəqiqəniz gedəcək, bu elə də çox deyil, amma həmin işin arxasından qalxanda isə artıq 15-20 dəqiqə gecikdiyinizi görəcəksiniz. Gəlin razılaşın ki, işə rahatca, tələsmədən getmək daha yaxşıdır, nəinki tələskənlik və gərginlik, hələ işə başlamazdan əvvəl qıcıqlanmaya və hövsələdən çıxmağa nə gərək var ki?
3) Özünüzə vaxt ehtiyatları yaradın. Məsələn, siz belə ehtimal edirsiniz ki, müəyyən tapşırığın həlli sizin bir saatınızı alacaq. İş qrafikinizdə əlavə “boş 20 dəqiqə” ayırın. Bu vaxtın həqiqətən də “boş keçəcəyindən” ehtiyat etməyin –bir qayda olaraq yoldakı tıxaclar, digər insanların yetərincə punktual olmaması ona gətirib çıxarır ki, həmin “zaman buferi” olduqca yerinə düşür. Əgər siz təyinat məntəqəsinə qrafiki qabaqlayaraq gəlib çıxmısınızsa, nəfəs alın, jurnal oxuyun və ya sadəcə özünüzə beş dəqiqlik istirahət vaxtı verin. Xoş bir şey haqqında düşünün.
4) Günün ən vacib hadisələri ilə bağlı mütləq qeydiyyat aparın. Psixoloji nöqteyi-nəzərdən məhz kağız üzərində (məhz sizin əlinizlə) yazılmış işlər “xüsusi vacib” statusu əldə edir. Vacib işlər siyahısına, yalnız həqiqətən də zəruri bildiyiniz və yüksək əhəmiyyətli işləri daxil edin. Adətən gecikmələrin səbəbi o, olur ki, insanlar 8 saatlıq iş qrafikinə edilməsi daha çox vaxt tələb edən işləri sığışdırmağa çalışırlar. Qoy, sizi sağlam düşüncə idarə etsin: əgər bir litrlik şüşəyə üç litr su tökməyə çalışsan, əlbəttə ki, onun iki litri yerə töküləcək. Əgər siz həddindən artıq gərgin rejimdə yaşamağa çalışsanız, bir gün tamamı ilə “tükənəcəksiniz”.
5) Həmsöhbətinizə “stop” deməyi öyrənin. Əgər görüş həddindən çox uzanıbsa, siz isə növbəti görüşə gecikirsinizə çalışın ki, bunu nəzakətlə söyləyəsiniz. «Çox üzr istəyirəm, amma saat 13:00-da mənim başqa bir görüşüm var və təəssüf ki, mən onu heç cürə təxirə sala bilmərəm. Olar ki, biz çatdırıb razılaşa bilmədiyimiz punktları telefon və ya e-mail vasitəsi ilə müzakirə edək? Bu sizə uyğundur? »
6) Bəzən elə olur ki, görüşə çıxmaqdan öncə məhz hər hansı bir işi tələsik görməli olursan, sanki bu iş səni özünə maqnit kimi cəzb edir. Bu, məqalənin yekunlaşdırılması, hesabat tərtib etmək, məktub göndərmək, iş sənədlərinin qaydaya salınması və s ola bilər. Əgər siz görüş üçün ofisdən saat 14:30-da çıxmağı planlaşdırmısınızsa, bunu bir dəqiqə belə gecikdirmədən edin. Hətta yarımçıq qalmış işləriniz haqqında fikirlər sizə narahatlıq yaşatsa da planlara ciddi əməl etməyə çalsın. Əksər işləri bir neçə saata təxirə salmaq olar, əvəzində isə siz gecikməyinizə görə kiminsə yanında qızarmalı olmayacaqsınız.
İnsanlar ilə qarşılıqlı münasibət qurarkən daima bir nüansı yadda saxlamağa çalışın, başqalarının iş qrafikinə qarşı hörmətli münasibət, sizə də qarşı eyni münasibət bəslənməsinə səbəb olacaqdır. Siz insanlara necə yanaşırsınızsa, onlar da sizə eyni cavabı verirlər.