“Bütün bunlar on illiklər boyu davam etdi. Deməliyəm ki, burada heç bir sirr açmıram. Biz dəfələrlə, son 15 il ərzində erməni dostlarımıza təklif etmişdik ki, güzəştə getsinlər. Hansı güzəştə: Azərbaycana Qarabağ ətrafındakı beş rayonu qaytarsınlar, iki rayonu özlərinə saxlasınlar və bu şəkildə Ermənistanla Qarabağ arasında ərazi təmasını saxlasınlar. Lakin bizim qarabağlı (erməni-red.) dostlarımız hər dəfə bizə deyirdilər ki, yox, bu bizim üçün müəyyən təhdidlər yaradır. Biz isə deyirdik ki, qulaq asın, Azərbaycan böyüyür, iqtisadiyyat inkişaf edir, bu, neft-qaz çıxaran ölkədir. Əhalisi 10 milyondan çoxdur. Gəlin potensiallarınızı müqayisə edək. Nə qədər imkan var, gəlin güzəşt yolunu tapaq. Biz öz tərəfimizdən əmin idik ki, BMT TŞ çərçivəsində müvafiq həlli tapacağıq. Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət veririk. Bu ərazilərdə yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət veririk.
Bizə dedilər ki, yox, biz buna gedə bilmərik. Bəs onda nə edəcəksiniz? “Mübarizə aparacağıq”, deyə cavab verdilər. Yekunda məsələ 2020-ci il silahlı toqquşmasına gətirib çıxardı. O zaman da mən dostlarımıza və həmkarlarımıza təklif etdim. Yəqin ki Prezident Əliyev məndən inciməz. Müəyyən məqamda razılıq əldə olundu ki, Azərbaycan qoşunları dayansın. Mən düzünü deyim ki, o zaman məsələnin həll olunduğunu düşündüm. İrəvana zəng elədim. Lakin Ermənistan tələb etdi ki, Azərbaycan Qarabağın tutduğu müəyyən ərazilərindən geri çəkilsin. Mən onlara dedim ki, bir neçə gün sonra Azərbaycan Ağdam rayonundakı möhkəmləndirilmiş cəbhəni mühasirəyə alacaq və bununla hər şey bitəcək. Siz başa düşürsüz? Dedilər “Bəli”. “Nə edəcəksiz?” Cavab verdilər ki, “vuruşacağıq”.
Nəticədə hər şey alındığı kimi baş verdi. Yekunda biz Şuşadan sonra Azərbaycanla razılaşdıq ki, hərbi əməliyyatlar dayandırılsın. 2020-ci ilin müvafiq bəyanatı imzalandı. Bu bəyanat hərbi əməliyyatların dayandırılması və bizim sülhməramlılarımızın yeridilməsi haqqında idi”, – deyə Putin qeyd edib.