Rusiya Prezidenti Vladimir Putin bu gün amerikalı həmkarı Cozef Bayden və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparmağı planlaşdırır.
Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putinlə Bayden arasında söhbət fevralın 12-də Moskva vaxtı ilə axşam saatlarında planlaşdırılır. Söhbətin təşəbbüskarı Vaşinqtondan gəlib və “sorğudan əvvəl Amerika tərəfinin yazılı müraciəti olub”, – Peskov bildirib.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Putin və Bayden arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
Peskovun sözlərinə görə, şənbə günü Putinlə Makron arasında da telefon danışığı planlaşdırılır. Eyni məlumatı cümə günü “Agence France-Presse” Yelisey Sarayına istinadən yayıb.
Fransa tərəfinin məlumatına görə, söhbətin Paris vaxtı ilə günorta saatlarında (Bakı vaxtı ilə saat 15:00) baş tutacağı gözlənilir.
Putin və Makron sonuncu dəfə fevralın 7-də Moskvada saatlarla davam edən danışıqlar zamanı müzakirələr aparıblar.
Ertəsi gün Fransa lideri təyyarə ilə Kiyevə uçub və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Makron ukraynalı həmkarı ilə söhbətindən sonra Putinlə telefonla yeni fikir mübadiləsi aparmaq niyyətində olduğunu açıqlayıb.