Rusiya Prezidenti Vladimir Putin Rusiya istehsalı olan ərzaq məhsulları və gübrələrin ixracı ilə bağlı əməliyyatlarda dost olmayan ölkələrin sığortaçılarına qoyulan qadağanı ləğv edən qanun imzalayıb.
Bunu təsdiq edən sənəd Rusiyanın hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.
Qanunun qəbul olunması həmçinin, Rusiya ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında taxıl müqaviləsi çərçivəsində sığortanı təmin etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, bu ilin iyul ayında Türkiyənin İstanbul şəhərində Ukraynadan ərzaq məhsullarının ixracına dair sazişlər, habelə Rusiya ilə BMT arasında memorandum imzalanıb. Bu memorandum BMT tərəfindən Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini nəzərdə tutur.