21-ci əsrdə qlobal iqtisadi artım Avropa və ya Şimali Amerikada deyil, BRİCS ölkələrində cəmləşəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunun plenar iclasında bildirib.
Onun sözlərinə görə, müasir dünya BRİCS ölkələri və ona qoşulmaq istəyənlər sayəsində bütün 21-ci əsr üçün qlobal artımda əsaslı dönməz dəyişikliklər dövrünə qədəm qoyub.
Putin BRİCS-in dünya iqtisadiyyatına təsirindən danışıb. Qeyd edib ki, dünya iqtisadiyyatının əsas artımı BRİCS ölkələrində və ona qoşulmaq istəyən ölkələrdə cəmləşəcək:
“BRİCS və G7 ölkələri arasında inkişaf fərqinin sürəti əhəmiyyətli dərəcədə artır. Bəzi BRICS ölkələrində, o cümlədən Çin, Rusiya Federasiyası, BƏƏ və Səudiyyə Ərəbistanında iqtisadi dinamika müsbət, lakin orta dərəcədə olacaq. Artım templərinə görə lider ölkələr isə qlobal Cənubun dövlətləri olacaq”.
RF prezidenti həmçinin BRİCS-də bütün xarici ticarətə xidmət göstərmək üçün müstəqil ödəniş və hesablaşma sxemi üzərində işin aparıldığını açıqlayıb.