Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-da Mahaçqaladakı hadisələrlə bağlı Moskva vaxtı ilə saat 19:00 radələrində müşavirə keçirəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin müşavirədə Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya Federasiyasında cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə edəcək.
Kreml rəsmisi deyib ki, oktyabrın 29-dan Putinin Dağıstandakı vəziyyətlə bağlı Federal Təhlükəsizlik Xidmətindən, Rosqvardiyadan və respublika rəhbərindən ətraflı məruzələr alıb və alır.
Peskov Mahaçqalada iğtişaş iştiraçılarına qarşı hansı tədbirlərin görülə biləcəyi barədə danışmayaraq, Putinin müşavirəsini gözləməyi təklif edib.
Kremlin sözçüsü vurğulayıb ki,Rusiyanı istəməyənlər vəziyyətdən asanlıqla sui-istifadə edir və Qəzzadan gələn dəhşətli kadrlar fonunda insanları təxribata çəkirlər.
“Mahaçqala hava limanında baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən xarici informasiya təsirinin nəticəsidir”, deyə Kremlin sözçüsü vurğulayıb.
Əlavə edib ki, Mahaçqalada keçiriləcək tədbirlər ölkədə Milli Birlik Gününün qeyd olunmasına təsir etməyəcək.