Rusiya Prezidenti Vladimir Putin və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
Banker.az xəbər verir ki, liderlər Ukrayna ətrafındakı vəziyyəti və Qərbin Rusiyanın təhlükəsizlik zəmanətlərinə reaksiyasını ətraflı müzakirə ediblər. Vladimir Putin Consonun diqqətini ona çəkib ki, Kiyev Minsk razılaşmalarını sabotaj edir, NATO isə Moskva ilə dialoqa getmir.
“NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat cavab vermək istəməməsi qeyd edilib, eyni zamanda alyansın təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd olan açıq qapı siyasətinə istinadlar arxasında gizlənib”, – deyə Kreml bildirib.
Britaniya mediası iki lider arasında telefon danışığının bazar ertəsi baş tutmalı olduğunu bildirsə də, Britaniya tərəfi karantin zamanı “Downing Street”dəki hökumət iqamətgahında keçirilən partiyalar haqqında hesabatın dərcindən sonra təxirə salınmasını istəyib. Conson bu məlumatı şərh edərkən, Rusiya prezidenti ilə “mümkün qədər tez” danışacağını bildirib.
Bundan əvvəl prezident Vladimir Putin Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə ABŞ və NATO-nun cavablarını şərh edib. O qeyd edib ki, danışıqlar iştirakçıları Rusiyanın “fundamental narahatlığına” məhəl qoymayıb və Rusiya tərəfinin irəli sürdüyü üç əsas tələbi nəzərə almayıb. Dövlət başçısı deyib ki, kiminsə təhlükəsizliyini başqalarının hesabına gücləndirmək mümkün deyil.