Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş, eləcə də Rusiya-Ukrayna böhranındakı son vəziyyətlə bağlı danışıb.
Bu barədə “Haber Global” məlumat verib. Kalın Türkiyənin bağlı hər iki tərəflə danışıqlar apardığını, Rusiya, Ukraynanın Türkiyəni etibarlı ölkə kimi gördüyünü bildirib.
“Putin deyir ki, danışıq qrupları işlərini tamamlamalıdır. Biz həm Rusiya, həm də Ukrayna tərəfləri ilə işimizi davam etdiririk”, – İbrahim Kalın deyib.
“Prezidentimiz Ərdoğan həm Zelenski, həm də Putinlə iki dəfə telefonla danışıb. Niderlandın Baş naziri də sabah Türkiyəyə səfər edəcək. Çərşənbə günü NATO sammiti üçün Brüsselə gedəcəyik. Növbəti addımlar barədə danışacağıq”, – Kalın əlavə edib.
Qeyd edək ki, Türkiyə Ukrayna və Rusiya liderlərinin görüşü təklifi ilə çıxış edib.
Daha əvvəl Ukrayna Pezidenti bildirib ki, Vladimir Putinlə danışıqlara hazırdır. “Hesab edirəm ki, istənilən formatdan, istənilən imkandan istifadə etməliyik ki, Putinlə görüşmək imkanı olsun, amma cəhdlər uğursuz olarsa, bu, Üçüncü Dünya Müharibəsinin başlanması deməkdir”, – Zelenski deyib.