Macarıstanın xarici və iqtisadi əlaqələr naziri Peter Siyyarto Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin İndoneziyada keçiriləcək G20 sammitində görüşə və Ukraynadakı münaqişəyə dair müzakirə apara biləcəklərinə ümid etdiyini bildirib.
Nazir bunu Moskvada keçirilən “Rusiya Enerji Həftəsi”ndə deyib.
“Mən həqiqətən inanıram, ümid edirəm ki, İndoneziyada Amerika və Rusiya prezidentləri bu fürsətdən istifadə edə, bir-birləri ilə danışa biləcəklər”, – nazir bildirib.
O əlavə edib ki, bu görüş Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə, bir çox problemlərin, o cümlədən enerji təchizatı məsələsinin çözümünə səbəb ola bilər.