22 C
Baku
Wednesday, May 22, 2024

Qərarın qüvvəsi geriyə şamil edilmir

Müəllif: İqtisadi hüquq üzrə ekspert,  Bəhman Hüseynli

Son günlərdə Azərbaycanda valyuta məzənnələrində olan dəyişikliklər çoxları üçün gözlənilməz oldu. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 21 fevral 2015-cil tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən olunmuşdur. Mərkəzi Bank bu tənzimləməni, milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimul yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul etdiyini və müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyini bəyan etmişdir.

Bu qərar həm iqtisadçıları, həm sahibkar və istehlakçıları, həm də əhalinin bir çox hissəsini təəccübləndirdi. Ən çox narahatlıq doğuran məsələlərdən biri isə ABŞ dolları ilə götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılması məsələsi oldu. Bu cür məsələlərə iqtisadi və hüquqi baxımdan yanaşmaq daha düzgündür.

Mərkəzi Bank tərəfindən bu qərarın qəbul edilənədək, banklardan ABŞ dolları ilə kredit götürənlər arasında çaşqınlıq yaranmışdır. Belə ki, ABŞ dolları ilə kredit götürmələrinə baxmayaraq əksər hallarda kreditin ödənişini AZN ilə ödəyirdilər ki, uzun müddətdir AZN və ABŞ dolları arasındakı sabitlik bu prosesə o qədər də mane olmurdu. Lakin bu qərardan sonra dolların manata nisbətən bahalaşması bəzi suallar meydana çıxardı. Əvvəllər banklardan ABŞ dolları ilə kredit götürən şəxslər kredit ödənişini hazırda qüvvədə olan məzənnə ilə, yoxsa kredit götürülən vaxt mövcud olan məzənnə ilə ödəyəcəklərini bilmirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikasında müqavilə və öhdəlik münasibətlərini tənzimləyən başlıca qanun Azərbaycan Respublikasının Mülki Məcəlləsidir. Bu məcəlləyə əsasən, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğu müvafiq müqavilədə nəzərdə tutulmayıbsa, manatla ödənilə bilər. Qeyd edək ki, banklardan ABŞ dolları və digər xarici valyuta ilə kredit götürən vətəndaşların da böyük əksəriyyəti bu cür edirdi. Lakin valyutalar arasındakı məzənnə fərqi dolları bahalaşdırmış və manatı isə ucuzlaşdırmışdır. Bu məsələnin də tənzimlənməsi üçün qanunda yer ayrılmışdır. Belə ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, Mülki Məcəllədə və ya müvafiq müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxtda uyğun məzənnə ilə yerinə yetirməlidir.

Mərkəzi Bankın qəbul etdiyi bu qərar gələcəkdəki proseslərin tənzimlənməsini nəzərdə tutur və əvvəlcə götürülən kreditlərə şamil edilməsi qanunla tənzimlənməlidir. Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqandır və o, valyuta tənzimi və nəzarətinin həyata keçirilməsi, habelə manatın başqa valyutalara mübadilə məzənnəsinin müəyyən olunması qaydasını təsdiq edir. Eyni zamanda, Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. Deməli, Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları, o cümlədən, sözügedən qərar da normativ xarakterli aktdır və deməli, bu qərarınqüvvəsi geriyə şamil edilmir.

Bütün bunları nəzərə alaraq, əgər kimsə Mərkəzi Bankın müvafiq qərarı qəbul olunanadək banklardan ABŞ dolları ilə götürdüyü krediti hansı məzənnə ilə ödəyəcəyini bilmək istəyirsə, ilk növbədə kredit müqaviləsinə nəzər yetirsin. Əgər burada, valyuta məzənnəsi dəyişən zaman kreditin ödənişi ilə bağlı hər hansı bir şərt yoxdursa, deməli, kreditin ödənişi öhdəlik yarandığı vaxt mövcud olan məzənnə ilə ödənilməlidir.

Manatın dollarla müqayisədə ucuzlaşması isə müyyən müddət sabit qalsa da, hələ ki manat dollara çata bilməyəcək. Əgər Mərkəzi Bank iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialını artırmaq üçün bu cür qərar qəbul edibsə, deməli manat bahalaşmayacaq. Ola bilsin ki, qısamüddətli dövr üzrə artma-azalma prosesləri olsun, amma ortamüddətli dövr üçün manatın dollara çatması neftin bahalaşması ilə əlaqədar ola bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər