Qəhvə dənələrinin qiyməti son on ilin ən yüksək həddinə çatıb. ICE qitələrarası birjasında dekabr fyuçersləri 2.46 dollar/ funt-sterlinqə alınıb. Ekspertlər qeyd edirlər ki, qəhvənin bahalaşması növbəti aylarda da davam edəcək.
Banker.az xəbər verir ki, ümumilikdə, ilin əvvəlindən bu məhsulun əsas hissəsinin istehsal olunduğu Braziliyada anomal hava şəraiti ilə əlaqədar qiymətlər 55% artıb.
Xatırladaq ki, noyabrın 26-da Beynəlxalq Qəhvə Assosiasiyası 2020-ci ildəkindən 85% yüksək olan bir funt üçün 2.07 dollar qiymətini təyin edib. Mütəxəssislərin fikrincə, qəhvənin bahalaşmasının əsas səbəbi Braziliyada hava şəraitinin və müvafiq olaraq məhsuldarlığın pis olmasıdır. “Saxo Bank”ın əmtəə strategiyasının rəhbəri Ole Hansen ölkədə hava şəraitinin təkcə 2021 və 2022 deyil, həm də 2023-cü ilə də təsir edəcəyini hesab edir. Bu o deməkdir ki, qiymətlər artmağa davam edəcək.
Hava şəraiti ilə yanaşı, nəqliyyat zəncirində qlobal fasilələr də qəhvə bazarına əhəmiyyətli dərəcədə təsir göstərib. Bir qayda olaraq, məhsulu yetişdirən və emal edən şirkətlər müxtəlif ölkələrdə yerləşir.
“CNBC”nin məlumatına görə, bazardakı qeyri-müəyyənlik bəzi ixracatçı ölkələrlə də bağlıdır. Məsələn, Efiopiya hazırda vətəndaş müharibəsi astanasındadır. Orada fövqəladə vəziyyət elan edilib. Vyetnamda COVID-19-a yoluxma sahəsində yüksək artım müşahidə olunur, bu da istehsala təsir göstərir.
Oktyabr ayında məlum olub ki, robusta qəhvəsinin qiymətləri 2017-ci ildən pik həddə çatıb. London ICE birjasında bu növ məhsulun hər tonu üçün 2 242 dollar təklif olunur. 2021-ci ilin əvvəlindən bəri robustanın qiyməti bir yarım dəfədən çox artıb.
Qeyd edək ki, dünyada qəhvə qiymətləri ilin əvvəlindən 55% artıb. Eyni zamanda ekspertlər arabikanın qiymətinin artmaqda davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.